“Facebook Messenger” servisinin auditoriyası 500 milyon istifadəçiyədək artıb
“Facebook Messenger” ani məlumat mübadiləsi servisinin auditoriyası “Facebook” şirkəti “iOS” və “Android” platformaları üçün əsas mobil əlavələrindən məlumat mübadiləsi imkanını ləğv etdikdən sonra 500 milyon istifadəçiyədək artıb. Bu barədə “Facebook” şirkətinin bloqunda deyilir.
Bu ilin əvvəlində “Facebook” sosial şəbəkəsi mobil çat funksiyasını ayrıca "Facebook Messenger” əlavəsi kimi istifadəyə verib. Bununla şəxsi məlumat mübadiləsi etmək istəyən mobil qurğu istifadəçiləri ayrıca servis yükləmək məcburiyyəti ilə üzləşib. Bu qərar internet cəmiyyəti tərəfindən kəskin tənqid olunub ki, bu da “Messenger” əlavəsinin "Apple App Store” və “Google Play” mağazalarında mənfi qiymətləndirilməsinə səbəb olub.
Mənfi reaksiyaya baxmayaraq 500 milyondan çox istifadəçi ayda ən azı bir dəfə “Messenger”-dən istifadə edir. “Facebook”un baş direktoru Mark Sukerberq bundan əvvəl sosial şəbəkədə mobil çatı istifadəyə verməklə bağlı qərarı bir mobil əlavədə çoxsaylı funksiyalar konsepsiyasının daha özünü doğrultmaması və istifadəçilər üçün konkret məsələnin həlli üçün xüsusiləşdirilmiş servisin olmasının rahatlığı ilə izah edib.
2011-ci ildə istifadəyə verilən “Facebook Messenger” servisi “Facebook”un əsas mobil versiyasının ilk ayrıca servisi olub. Bundan başqa, şirkət satın alınmış “WhatsApp” və “Instagram”, “Facebook Paper”, “Slingshot” və “Facebook Home” mobil əlavələrini inkişaf etdirir, - "
Lenta” yazır.