Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ Prezidenti şəbəkə neytrallığı prinsipini dəstəkləyib


ABŞ Prezidenti Barak Obama şəbəkə neytrallığını dəstəkləyərək Federal Rabitə Komissiyasını prinsipin dəstəklənməsi üçün qaydalar hazırlamağa çağırıb. Prezidentin çıxışı Ağ Evin saytında dərc edilib.
 
Şəbəkə neytrallığı provayderlər tərəfindən bu və ya digər servis və saytlara xüsusi şərtlərin verilməsini qeyri-mümkün edən prinsipdir. İlk növbədə bu, informasiyanın yüklənmə sürətinə şamil olunur. Provayderlər saytların böyük-kiçikliyi arasında fərq qoymadan bütün saytlara çıxışı eyni sürətdə təmin etməlidirlər.
 
Barak Obama çıxışında Federal Rabitə Komissiyasına internetdən istifadəni kommunal təsərrüfat müəssisələrinə (utilities) aid etməyi təklif edib. ABŞ qanunvericiliyi baxımından bu o deməkdir ki, bütün internet provayderləri üçün xidmətlərin göstərilməsində ümumi qaydalar qüvvədə olacaq. Prezident qeyd edib ki, Federal Rabitə Komissiyası müstəqil təsisatdır və qərar onun rəhbərliyi tərəfindən qəbul edilə bilər. Bununla belə, ölkə prezidenti komissiyanı milyonlarla amerikalının fikrini nəzərə almağa səsləyib.
 
2014-cü ilin əvvəlindən Federal Rabitə Komissiyası şəbəkə neytrallığına dair yeni məcəllə qaydalarının hazırlanması ilə məşğul olur. Məsələn, komissiya provayderlərə “Netflix” və “Google” kimi iri şirkətlər ilə razılığa gələrək ödəniş əsasında trafiki qısa marşrut üzrə ötürməyə icazə verə bilər. Hazırda qaydaların indiki versiyası internetdə müzakirə olunur. Komissiya artıq məcəllədən narazı 670 mindən çox istifadəçidən müraciət alıb, - "LOOK AT ME ” yazır.  

 




11/11/14    Çap et