Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Budapeştdə Macarıstanın “DBH Group” şirkəti ilə biznes və startapların inkişafı haqqında Anlaşma Memorandumu imzalanıb


Cari ilin noyabr ayının 11-də Budapeştdə keçirilən “Azərbaycan - Macarıstan Biznes Forumu” çərçivəsində Macarıstanın biznes və investisiya  xidmətləri göstərən “DBH Group” şirkəti  və Azərbaycan Respublikasının  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində  yaradılmış Yüksək Texnologiyalar Parkı, eləcə də İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu arasında Anlaşma memorandumları imzalanıb.
 
Həmin memorandumlar “DBH Group” şirkətinin  başçısı Sandor Erdei , YTP direktoru  Seymur Ağayev və  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru  Elçin Zeynalov tərəfindən imzalanıb.
 
Razılaşmaya əsasən, “DBH Group”  şirkəti investisiya imkanlarının genişləndirilməsi və innovasiya yönümlü İT startap şirkətlərinin və “ERP startup” kompaniyalarının inkişafında Azərbaycana dəstək verəcək.
 
Bununla yanaşı, tərəflər startap şirkətlərinin əhatə dairəsinin genişləndirilməsi və beynəlxalq bazara  çıxmasında qarşılıqlı  köməklik göstərmək, o cümlədən Avropada yerləşən şirkətlərin Azərbaycanda və Azərbaycan şirkətlərinin Avropada filiallarının açılması istiqamətində səylər göstərəcəklər.
 
 
Qeyd edək ki, “DBH Group “şirkəti əsasən kiçik və orta həcmli startap və şirkətlərə investisiya və biznes sahəsində xidmətlər göstərməklə  onların yerli və beynəlxalq bazarda möhkəmlənməsinə və inkişafına yardım göstərir. Şirkət  ofis və investisiya xidmətləri, layihə  və maliyyə menecmenti, İT və ERP xidmətləri, maliyyə xidmətləri, vergi və biznes məsləhətləri, startap inkubatoru və s. biznes xidmətləri istiqamətində geniş profilə malikdir.
 
Eyni zamanda geniş biznes əlaqələrinə və 20 illik investisiya sahəsində həyata keçirdiyi mentorluq xidmətləri nəticəsində “DBH İnvestment” 19 milyon avroluq vençur kapitalını idarə edir,  “DBH SeedStar” isə gənc biznesin beynəlxalq bazara çıxmasında geniş imkanlar yaradır.
 
 
 
Həqiqət İSABALAYEVA




13/11/14    Çap et