Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Panasonic” səkkiznüvəli prosessorla təchiz edilmiş “Eluga S” smartfonunu nümayiş etdirib (FOTO)


Yaponiyanın “Panasonic” şirkəti səkkiznüvəli prosessorla təchiz edilmiş “Eluga S” modelini nümayiş etdirib.

“Panasonic Eluga S” smartfonu 1280x720 piksel təsvir ölçüsünə malik 5 düymlük ekranla təchiz edilib. Ekran IPS matrisdən istifadə edir.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, çipin markası naməlumdur, amma yapon istehsalçısı iddia edir ki, prosessor 1,4 QHs takt tezliyi ilə işləyir və eyni anda işləyən səkkiz hesablama nüvəsindən ibarətdir. Əməli yaddaşın tutumu 1 QB, daxili fləş daşıyıcının tutumu isə 8 QB təşkil edir. Daxili yaddaşı 32 QB tutumunda “microSD” kartı vasitəsilə artırmaq olar.

Əsas fotokamera 8 meqapiksellik təsvir datçiki, LED işıqlandırıcı və Full HD formatında videoçəkiliş funksiyası ilə təchiz edilib. Selfi və videozənglər üçün telefonun ön hissəsinə 5 meqapiksellik fotomodul quraşdırılıb.









Bundan başqa, yeni aparat “3G HSPA+”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.0” və “GPS” simsiz rabitə modulları, “FM” radioqəbuledicisi, 2100 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib və “Android 4.4” əməliyyat sistemi ilə işləyir. Smartfonun qalınlığı 7,9 mm, çəkisi 135 qr təşkil edir.
“Panasonic Eluga S” modeli 182 dollar qiymətinə Hindistanda satılır.

Emil Hüseynov




13/11/14    Çap et