Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə məşğul olan qurumlar avtomatlaşdırılmış informasiya sisteminə qoşulacaqlar
2025-ci ilə qədər Azərbaycanda təcili yardım stansiyalarının maddi-texniki bazasının gücləndirilməsi, onların müasir rabitə vasitələri, avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz edilməsi nəzərdə tutulur.
Sözügedən tədbir hələlik layihə şəklində olan “Azərbaycan Respublikasında əhali sakinliyinin və demoqrafiyanın inkişafı sahəsində Dövlət Proqramı”nda əks olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanmış proqrama əsasən, stasionar və ambulator müəssisələrdə müxtəlif profilli xəstələrin, o cümlədən transplantasiya keçirmiş xəstələrin tibbi reabilitasiyası zamanı müasir texnologiyaların hazırlanması və tətbiqi üzrə tədbirlərin həyata keçirilməsi də planlaşdırılır. 2014-2025-ci illər ərzində reallaşması gözlənilən tədbirin icraçısı isə Səhiyyə Nazirliyi (SN) olacaq.
Eyni zamanda SN tərəfindən mütəmadi olaraq, sinir sistemi xəstəliklərinin diaqnostika və müalicəsi sahəsində yeni tibbi texnologiyalar və metodların tətbiqi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Proqram üzrə digər tədbirlər “Əhali statistikasının təkmilləşdirilməsi” istiqamətinə uyğun olaraq reallaşacaq. Sözügedən istiqamət üzrə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan rayon (şəhər) icra hakimiyyətlərinin inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələrinin və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə qoşulmasının təmin edilməsi” də planlaşdırılır. Bu tədbirin icraçıları isə Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Statistika Komitəsi, yerli icra hakimiyyəti orqanları olacaq.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanaraq hazırlanıb. Layihədə ölkədə mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin 2025-ci ilədək dövr üçün inkişaf istiqamətləri, həyata keçiriləcək zəruri tədbirlər müəyyən olunur.
Həqiqət İSABALAYEVA
14/11/14 Çap et