Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yalnız səs və jestlərlə idarə edilən smartfon yaradılacaq
“Indiegogo” sosial sərmayələr platformasında yeni “Sesame” smartfonunun layihəsi təqdim edilib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, smartfonu fərqləndirən xüsusiyyət yalnız onu səs və jestlərlə idarə etmək imkanıdır. Bu qurğu, müəyyən səbəblərdən əllərindən istifadə edə bilməyən istifadəçilər üçün nəzərdə tutulub.
“Sesame” – dəyişdirilmiş “Google Nexus 5”-dir, lakin burada istifadəçinin baş hərəkətlərinin tanınması üçün xüsusi proqram təminatı nəzərdə tutulub.
Bu funksiya “Open Sesame” səsli əmrdən sonra işləməyə başlayır və smartfonun əsas kamerasını işə salır. Smartfonu həmçinin səslə də idarə etmək mümkündür. Qeyri-adi smartfonun tərtibatçıları israilli iki hərbçidir: onlardan biri hərbi əməliyyatlarda iştirak etdikdən sonra son on il ərzində iflic vəziyyətindədir, digəri isə öncə yalnız jestlərlə idarə edilən oyunlar yaradıb. Buna görə də “Sesame” hətta oyun oynamağa imkan verir.
Hazırda “Indiegogo” sosial sərmayələr platformasında bu smartfonun buraxılışı üçün 30 min dollar həcmində vəsaitin toplanması üzrə kampaniya keçirilir. Bu məbləğin 12 min 325 dolları artıq toplanıb. Qurğunun gələn ilin mart ayında bazara çıxarılacağı ehtimal edilir.
Bununla belə, smartfonu öncədən 350 dollara sifariş etmək olar.
Aynur Vəliyeva
14/11/14 Çap et