"Skype" internet telefoniya istifadəçiləri kompüterə əlavə quraşdırmadan birbaşa brauzerdən zəng etmək imkanı əldə edəcəklər. Bu barədə "Microsoft" korporasiyasının məlumatında deyilir.
"Biz "Skype"-dan istifadə üzrə tamamilə yeni üsulu istifadəyə veririk. Biz "Skype"ın internet üçün beta versiyasını işə salırıq", - məlumatda qeyd olunur.
"Skype" ilə zəng etməyə və ya çata başlamaq üçün istifadəçi servisin saytına daxil ola və orada öz qeydiyyat məlumatlarını daxil edə bilər. Mətnli çatdan istifadə üçün əlavə əməliyyatlara ehtiyac qalmayacaq, audio və videozənglər üçün brauzerin genişləndirilməsinin quraşdırılması tələb olunacaq. "Microsoft" nümayəndələrinin sözlərinə görə, sonuncu əməliyyatın həyata keçirilməsi müvəqqəti xarakter daşıyır.
"Skype"ın veb versiyası tez-tez səyahət edən və internet kafelərdə və hotellərdə kompüterlərdə işləmək məcburiyyəti ilə üzləşən istifadəçilər üçün faydalı ola bilər. Bundan başqa, brauzer vasitəsilə "Skype"dan iş kompüterində "Skype" əlavəsinin quraşdırılmasına inzibatçı icazəsi olmayan istifadəçilər yararlana bilərlər.
"Skype"ın veb versiyasını bütün populyar kompüter brauzerləri (Internet Explorer, Chrome, Firefox və Safari) dəstəkləyəcək. İlk vaxtlarda "Skype"ın veb versiyasından istifadəçilərin bir qismi istifadə edə bilsə də, yaxın aylarda ondan dünya üzrə istifadə mümkün olacaq, - "Lenta" yazır.