Nigeriyada kibercinayətkarları yeddiillik həbs gözləyir
Nigeriya Parlamenti müxtəlif növ kibercinayətlər üçün yeddi ilədək həbs cəzasını nəzərdə tutan yeni qanunu təsdiq edib. Bura dövlət idarələrinin kompüterlərinə müdaxilə, uşaq pornoqrafiyasına sahib olma, internetlə insanların izlənilməsi, fərdi məlumatların, bank kartları məlumatlarının oğurlanması və s. daxildir.
Qanun ölkədə on ilə yaxın müzakirə edilib. 43 səhifədən ibarət sənəd Nigeriyanı kibercinayətkarlıq sahəsində mükəmməl qanunvericiliyə malik ölkələr sırasına daxil etməlidir.
Nigeriya senatının spikerinin sözlərinə görə, yeni qanun korrupsiya ilə mübarizə aparmaqla yanaşı, ölkənin imicini həm daxildə, həm də kənarda yaxşılaşdırmasına görə böyük əhəmiyyətə malikdir.
Nigeriyanın adı elektron poçt üzrə məşhur fırıldaqçı sxem (Nigeriya spamı və ya Nigeriya məktubu) ilə bağlıdır. Ölkədə intellektual mülkiyyətin və fiziki mülkiyyətin qorunması haqqında inkişaf etmiş qanunvericilik yoxdur. Bu, qeyri-effektiv məhkəmə sistemi və korrupsiya ilə birlikdə ölkədə investisiya mühitini pisləşdirir.
Bundan sonra rəqəmli texnologiyalar sahəsində baş verən bir sıra cinayətlər üçün yeddiillik həbs və ya yeddi milyon Nigeriya nayrı (350 min dollar) məbləğində pul cəriməsi tətbiq ediləcək. Bu üsulla ölkə hökuməti xarici dövlət və investorlara problemlərlə mübarizə aparmağa hazır olmasını göstərmək istəyir. Yeni qanunla hətta kibercinayətlərin törədilməsini bilən, lakin buna mane olmayan internet kafe sahibləri də cəzalandırılacaq, - "
Telekomza ” yazır.