Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2017-ci ilədək mobil ödənişlərdən 2 milyard istifadəçi yararlanacaq
Mobil qurğular bazarı üzrə proqnozları ilə tanınan “Juniper Research” tədqiqat şirkəti növbəti proqnozunu səsləndirib. Bu dəfə analitiklər istifadəçilərin cihazların köməyi ilə məhsul və xidmətlərin ödənişi zamanı aktivliyini araşdırıblar.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin proqnozuna görə, 2014-cü ildə təxminən 1,6 milyard smartfon və planşet sahibi müxtəlif ödəmə əməliyyatları edəcək. 2017-ci ildə belə istifadəçilərin sayı 2 milyardadək artacaq.
Tədqiqatda mobil sənaye sahəsində bankçılıq, pulköçürmələri və elektron ticarət kimi xidmətlərə tələbatın artımı qeyd olunub. Bu xidmətlərlə işlədikdə istehlakçılar tez-tez mobil qurğuların xeyrinə masaüstü kompüterlərdən imtina edirlər, halbuki elektron ticarət bazarının yeni iştirakçıları əvvəlcə smartfon və planşetlərdən istifadəyə üstünlük verir. Analitiklər hesab edir ki, yaxın beş ildə onlayn əməliyyatların yarısından çoxu cihazların payına düşəcək.
Kontaktsız ödənişlər Yaponiya və Cənubi Koreyada geniş yayılıb, başqa bazarlarda tədricən populyarlaşır. “Apple Pay” xidməti mobil ticarət bazarında kəskin artım təmin edə bilər.
Analitiklər, həmçinin mobil ticarət bazarının inkişafında sosial şəbəkələrin əhəmiyyətini vurğulayıblar.
“Juniper Research”in əməkdaşı Vindzor Xolden bu məsələ ilə bağlı deyir: "Brendlər və pərakəndə satış nöqtələri öz təkliflərinin “Facebook” və “Foursquare” kimi xidmətlərlə inteqrasiyasına cəhd etməlidirlər. Bu addım məqsədli auditoriyanın sayını artırmağa imkan verəcək".
2013-cü ildə istifadəçilərin smartfon və planşet üzərindən etdikləri alış-verişin həcmi 182 milyard dollar məbləğində qiymətləndirilib ki, bu da dünya elektron ticarət bazarının 15%-nə uyğundur. Dörd il sonra bu göstərici 30%-ə çatacaq.
Emil Hüseynov
18/11/14 Çap et