“Ericsson Mobility Report”: “2014-cü ilin sonunadək mobil qoşulmaların ümumi sayı 7,1 milyard təşkil edəcək”
2014-cü ilin sonunadək mobil qoşulmaların ümumi sayı 7,1 milyard təşkil edəcək ki, bunun da 2,9 milyardı genişzolaqlı mobil internetin payına düşəcək.
Bu barədə “Ericsson Mobility Report” tədqiqatında deyilir. 2020-ci ilədək bütün mobil qoşulmaların (8,4 milyard) 90 faizini ümumi sayı 9,5 milyarda çatacaq genişzolaqlı mobil internet təşkil edəcək. 2014-cü ilin üçüncü rübündə Hindistan və Çin mobil qoşulmaların sayı üzrə müvafiq olaraq 18 və 12 milyon xalis artım göstəricisi ilə lider olublar.
2020-ci ilədək GSM şəbəkəsi öz mövqeyini itirəcək və internetə əsas çıxış texnologiyası 4,4 milyard ümumi qoşulma sayı ilə “WCDMA/HSPA” texnologiyası olacaq. “LTE” şəbəkələrində həmin vaxtda 3,5 milyard qoşulma qeydə alınacaq ki, bunun da 600 milyonu Avropanın payına düşəcək.
Trafikin əsas artım hissəsi getdikcə daha çox smartfonun qoşulması sayəsində təmin olunur. 2014-cü ildə dünyada smartfonların generasiya etdiyi aylıq trafikin həcmi 2,1 eksabayt olub və 2020-ci ilədək onun 17 eksabaytı ötəcəyi gözlənilir. Bununla yanaşı, trafik həcminin bir istifadəçiyə olan nisbəti artır. Bu gün ayda bir qoşulmanın payı 900 MB təşkil edirsə, 2020-ci ilədək bu göstərici 3,5 qiqabaytadək artacaq. Dünyada smartfonların generasiya etdiyi məlumat trafiki 2020-ci ilədək səkkizqatlıq artım nümayiş etdirəcək.
2014-cü ilin üçüncü rübündə smartfonların satış həcminin artımı davam edib. Bu qurğuların ümumi satışda payı 65-70 faizə çatıb. 2013-cü ilin analoji dövründə bu göstərici 55 faizə bərabər olub. İlin sonunadək smartfonlar vasitəsilə 800 milyon yeni qoşulma qeydə alınacaq, lakin hazırda smartfonların ümumdünya qoşulmalarında payı 37 faiz təşkil edir. Buna səbəb kimi əksər smartfon sahiblərinin hələ də mobil internetdən istifadə etməməsi göstərilir. Bu isə o deməkdir ki, bazar hələ də böyük artım potensialına malikdir. 2020-ci ilədək qoşulan smartfonların sayı 6,1 milyardadək artacaq (müqayisə üçün: hazırda bu göstərici 2,7 milyarda bərabərdir).
“4G” texnologiyasının əsas texnologiya olduğu şəbəkələrdə videonun mobil məlumat trafikində payı 45-55 faizdir. Artım axınlı videoya baxış sayının artması ilə əlaqədardır.
Video getdikcə daha çox onlayn əlavələrdə, o cümlədən xəbər və reklam əlavələrində, eləcə də sosial mediada istifadə olunur. Bundan əlavə, axınlı videoya marağın artması “OTT” servislərin yayılması və “YouTube” kimi servislərin kontentinə baxış sayının artması ilə bağlıdır. Belə ki, məsələn, Avropada abunəçilərin 70 faizi “OTT” servislərindən istifadə edir.
“Ericsson” şirkətinin proqnozuna görə, 2020-ci ilədək mobil şəbəkələrdə videotrafikin həcmi 10 dəfə artacaq, - "
CNews” yazır.