Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu məlumatları internetdə və sosial şəbəkələrdə yaymaq qadağandır
Müdafiə Nazirliyi internet informasiya ehtiyatlarında, sosial şəbəkələrdə dövlət sirlərinin yayılmasının qarşısını almaq məqsədi ilə vacib məlumatları cəmiyyətə təqdim edib.
Nazirlik qeyd edir ki, hazırlanan məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli 742 №-li "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Sərəncamına əsasən ərsəyə gəlib. Onun əsas məqsədlərindən biri də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (cəbhəboyu zonada) təhlükəsizlik tədbirlərini gücləndirmək, milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə məlumatların, eləcə də "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən hərbi sahəyə aid digər məlumatların yayılmasının qarşısını almaqdan ibarətdir.
Nazirlikdən bildirilir ki, müasir dövrdə informasiyanın yeni dəyər kəsb etməsi, strateji resursa çevrilməsi, onun qorunması, təhlükəsizliyinin təmin edilməsi məsələsini ön plana çıxarır. İnformasiya təhlükəsizliyi probleminin həlli yalnız texniki üsul və vasitələrdən istifadə bacarıqlarından deyil, həm də insanların mədəniyyətindən asılıdır. “Hazırda informasiyanın toplanması, saxlanılması, emalı və ötürülməsi proseslərinin informasiya-kommunikasiya təhlükəsizliyindən istifadə etməklə həyata keçirilməsi imkanı konfidensial (gizli) informasiyanın asanlıqla başqalarının əlinə keçməsi təhlükəsini artırır. İnformasiya təhlükəsizliyinin təmin edilməsinin əsas şərtlərindən biri informasiyanın konfidensiallığı (gizliliyi) məsələsidir.
İnformasiya resursları ilə işləyən insanlar ayrı-ayrı vətəndaşlara və ya təşkilatlara aid olan informasiyanın konfidensiallığını (gizliliyini) qorumaq üçün məsuliyyətlərini dərk etməlidirlər. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında ölkənin informasiya təhlükəsizliyinə təhdidlər ümumi və qısa formada əksini taparaq, məxfi informasiyanın mühafizə olunmasının koordinasiyasının milli təhlükəsizlik sektorunun əsas məsələlərdən biri olduğu vurğulanır və qeyd edilir ki, Azərbaycan Respublikası bundan sonra da dövlət sirrinə aid edilmiş məlumatların mühafizəsi ilə bağlı fəaliyyətini davam etdirəcəkdir” – deyə MN-dən vurğulanıb.
Nazirlik internetdə, sosial şəbəkələrdə yayılması qadağan olan məlumatları da cəmiyyətə təqdim edib. MN-dən qeyd olunub ki, aşağıda göstərilən, hərbi sahədə dövlət sirri təşkil edən məlumatların yayılması yolverilməzdir və qanunla bu məlumatları yaymaq qadağandır. Ona görə ki, bu məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılması nəticəsində düşmən kəşfiyyatı yayılan informasiyaların köməyi ilə bir sıra kəşfiyyat məlumatlarını heç bir çətinlik çəkmədən toplamaq imkanını əldə edir, bu da öz növbəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilər.
Qadağan olan informasiyalar:
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında;
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında;
- silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri və texnologiyaları haqqında;
- milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq yerinin ayrılması haqqında;
- qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında.
Eyni zamanda, "Dövlət sirri haqqında" Qanuna əsasən, dövlət sirri olan məlumatların əhatə dairəsinə daxil olmayan, lakin xarici ölkələrin xüsusi xidmət orqanlarının mülahizələrinə görə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatların da kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılması yolverilməzdir və qanunla qadağandır.
Müdafiə Nazirliyi bildirir ki, dövlət sirrinin mühafizəsi hərbi hissə komandirlərinin, qərargah rəislərinin, idarə və müəssisə rəhbərlərinin əsas fəaliyyət istiqamətlərindən biridir və dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkilinə görə məsuliyyət onların üzərinə qoyulur. Bu səbəbdən də hərbi hissə komandirləri, qərargah rəisləri, idarə və müəssisə rəhbərləri dövlət sirrinin mühafizəsi sisteminin səmərəliliyini artırmalı, dövlət sirrinin mühafizəsinin dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğunu öyrənməli və təhlil etməli, dövlət sirri təşkil edən məlumatların mümkün axın (kənara sızma) kanallarını müəyyənləşdirib müvafiq tədbirlər həyata keçirməlidirlər. Həmçinin hərbi hissə komandirləri, qərargah rəisləri, idarə və müəssisə rəhbərləri hərbi hissələrdə keçirilən açıq tədbirlər və kütləvi informasiya vasitələri üçün hazırlanan materialların qabaqcadan Müdafiə Nazirliyinin mətbuat xidməti ilə razılaşdırılmasını təşkil etməlidirlər.
Dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə məsuliyyət:
- dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan vəzifəli şəxslər və vətəndaşlar qüvvədə olan qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar;
- müvafiq dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri məlumatların qeyri-qanuni yayılması üzrə qərar qəbul edərkən qeyri-qanuni yayılmış məlumatın dövlət sirri təşkil etməsi haqqında ekspert rəyinə əsaslanırlar;
- hərbi sahədə dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılması nəticəsində dövlətin təhlükəsizliyinə ziyan vura bilən məlumatların yayılması faktı ilə bağlı materiallar üzrə keçirilən ekspertizanın rəyindən asılı olaraq materiallar hüquq-mühafizə orqanlarına göndərilir;
- dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 284-cü (dövlət sirrini yayma) maddələrinə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsinə uyğun məsuliyyətə cəlb olunurlar.
Dövlətin təhlükəsizliyinin təmin olunmasında onun hər bir vətəndaşının rolu vacibdir.
Ona görə də Azərbaycan Respublikasının hər bir vətəndaşının, əsasən də cəbhəboyu
zonada yaşayan vətəndaşların dövlət sirri təşkil edən məlumatları yayan, eləcə də dövlət sirri təşkil edən məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə verən, yaxud vermək məqsədi ilə oğurlayan, toplayan və ya saxlayan şəxslər barədə yaxınlıqdakı hərbi hissələrə, yerli hüquq-mühafizə orqanlarına və təhlükəsizlik orqanına məlumat vermək müqəddəs borcudur.
Seymur Qasımbəyli
19/11/14 Çap et