Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın elmi müəssisə və təşkilatlarında innovativ tətbiqi əhəmiyyətli bir sıra nailiyyətlər əldə edilib, amma...
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Sonra AMEA-nın Elmi Nailiyyətlər Sərgisinin təşkili üzrə Komissiyanın yaradılması haqqında məlumat verən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, müstəqillik illərində dövlətin elmə ciddi dəstəyi və alimlərimizin fədakar əməyi nəticəsində AMEA-nın elmi müəssisə və təşkilatlarında elmin müxtəlif istiqamətlərində həm fundamental, həm də innovativ tətbiqi əhəmiyyətli bir sıra nailiyyətlər əldə edilib.
Bu nailiyyətlərin əksəriyyəti spesifik elmi və texniki mahiyyət daşıdığından ancaq həmin sahəyə aid olan mütəxəssislərə məlum olur. Bunun da nəticəsində alimlərimizin nailiyyətləri ictimaiyyətə məlum olmur və onlar layiq olduğu ictimai rəyi ala bilmirlər.
Digər tərəfdən gənclərimiz də elmimizin və alimlərimizin nailiyyətlərindən xəbərsiz olduqları üçün bu şərəfli peşə ilə məşğul olmağa az həvəs göstərirlər. Bu isə elmimizin yeni kadr potensialı ilə təmin olunmasında çətinliklər yaradır. Buna görə də alimlərimizin elmi nailiyyətlərinin təbliği istiqamətində tədbirlərin həyata keçirilməsi zəruridir.
Həmçinin, alimlərimizin dünya elmi sisteminə inteqrasiya problemlərinin həllində də onların nəticələrinin reklam və təqdimatının böyük əhəmiyyəti, eyni zamanda bu nailiyyətlərin istehsalatın müxtəlif sahələrində istifadə edilməsi üçün müxtəlif dövlət və qeyri-dövlət müəssisələrinin mütəxəssislərini bu yeniliklər barədə müntəzəm olaraq məlumatlandırmaq ehtiyacı var.
Müzakirədən sonra akademiyanın elmi müəssisə və təşkilatlarında əldə olunmuş nailiyyətlərin daimi fəaliyyətdə olan sərgisinin effektiv təşkili məqsədi ilə Rəyasət Heyəti tərəfindən qərar qəbul edilib.
Sonra çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (RETƏŞ) yeni tərkibi haqqında danışıb. Bildirib ki, RETƏŞ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” 4 yanvar 2003-cü il tarixli fərmanının icrası ilə əlaqədar ölkədə bütün elmi müəssisə və ali məktəblərin elmi tədqiqat fəaliyyətini əlaqələndirmək və istiqamətləndirmək məqsədilə AMEA Rəyasət Heyətinin 11 fevral 2004-cü il tarixli qərarı ilə yaradılıb.
Şuranın fəaliyyətinin səmərəli təşkili üçün onun tərkibinə respublikanın görkəmli alim və mütəxəssisləri daxil edilib, həmçinin elmi istiqamətlər üzrə müvafiq elmi şuralar yaradılıb. Akademik qeyd edib ki, ötən müddət ərzində RETƏŞ tərəfindən respublikamızda elmi müəssisə və ali məktəblərdə aparılan elmi tədqiqat işlərinin əlaqələndirilməsi, elmi tədqiqat işlərinin illik və uzunmüddətli planlarının işlənməsi, elmi tədqiqatların yekunlarına dair hesabatların müzakirəsi və RETƏŞ-in Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələrin həyata keçirilməsi istiqamətində bir sıra mühüm işlər həyata keçirilib. Bunlara baxmayaraq, hazırda akademiyada ölkəmizin dinamik inkişafı ilə şərtlənən islahatların aparılması, elmi fəaliyyətin təşkilinin, əlaqələndirilməsinin və idarə olunmasının ölkəmizin inkişaf strategiyasına uyğun olaraq qurulması RETƏŞ-in də fəaliyyətinin təkmilləşdirilməsini və tərkibinin yenidən formalaşdırılmasını zəruri edir.
İclasda şuranın yeni tərkibi Rəyasət Heyətinin növbəti qərarı ilə təsdiq olunub.
Akademik Rasim Əliquliyev “Gənclər üçün Prezident Mükafatı”na təqdim olunacaq gənc alimlər haqqında da məlumat verib.
Qeyd edib ki, namizədlərin seçiminin növbəti mərhələsini təşkil etmək məqsədi ilə AMEA prezidentinin 26 sentyabr 2014-cü il tarixli sərəncamı ilə daimi fəaliyyət göstərən Ekspert komissiyası yaradılıb. Komissiyanın 17 noyabr 2014-cü il tarixində keçirilən iclasında bölmə bürolarından təqdim olunan 14 nəfər gəncin qiymətləndirilməsi həyata keçirilib.
Müzakirələrdən sonra 4 nəfər gənc alim “Gənclər üçün Prezident Mükafatı”na təqdim olunmaq üçün AMEA Rəyasət Heyətinə tövsiyə edilib. Sonda “Gənclər üçün Prezident Mükafatı”na təqdim edilən 4 nəfər gənc alimin namizədliyinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təqdim edilməsi qərara alınıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) ABŞ-ın Missuri-Kolumbiya Universitetinin Geoloji Elmlər Departamentinin birgə əməkdaşlığından danışan AMEA Yer Elmlər Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov zəlzələ və yerdəki küy məlumatları əsasında Yer qabığı strukturunun öyrənilməsində istifadə olunan yeni və perspektivli metodlarla təhlili istiqamətində aparılmış tədqiqatlar haqqında məlumat verib.
Bildirib ki, Yer təkinin dərinlik quruluşunu tədqiq edərkən tətbiq olunan seysmik tomoqrafiya üsulu, həcmi dalğaların zəlzələlərdən gəlmə vaxtının məlumatları əsasında, qabığın və mantiyanın strukturu və fiziki xüsusiyyətləri barədə müstəqil məlumat almağa imkan verir. Həmçinin, geoloji və geofiziki tədqiqatların məlumatları ilə birlikdə tomoqrafik model kompleks geoloji-geofiziki modellərin qurulmasında istifadə oluna bilər.
Qeyd olunan istiqamətdə kompleks tədqiqatlar aparan beynəlxalq laboratoriyanın yaradılmasının elmi və praktik cəhətdən vacib olduğunu nəzərə alan Rəyasət Heyəti RSXM və Missuri-Kolumbiya Universitetinin Geoloji Elmlər Departamenti ilə birgə “Yer təkinin seysmotomoqrafiyası” beynəlxalq laboratoriyasının yaradılması haqqında qərar qəbul edib.
Akademiyadan verilən məlumata görə, iclasda Azərbaycanda informatika elminin inkişafındakı xidmətlərini nəzərə alaraq və anadan olmasının 80 illiyi ilə əlaqədar Azərbaycan SSR Əməkdar Elm və Texnika xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, akademik Arif Mehdiyev AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib.
Həqiqət İSABALAYEVA
19/11/14 Çap et