Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Mozilla” onlayn axtarış sahəsində “Google” ilə əməkdaşlıqdan imtina edib
“Mozilla Firefox” brauzerində artıq başlanğıc ayar kimi “Google” axtarış sistemi deyil, “Yahoo!” olacaq. Bu haqda “Yahoo!” internet şirkətinin rəsmi bloqunda yazılıb.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, son on ildə “Google” şirkəti “Firefox” brauzerində başlanğıc ayar kimi axtarış sistemi olmağa görə “Mozilla” şirkətinə ildə 100 milyon dollar ödəyib. “Ars Technica” texnologiya bloqu yazır, bu məbləğ “Mozilla” qeyri-kommersiya təşkilatının gəlirinin 85%-ni təşkil edib.
Amma indi “Firefox” istifadəçiləri internet məzmunu “Yahoo!” axtarış sistemi ilə axtaracaq. "Biz “Mozilla” ilə beşillik müqavilə bağladıq" – “Yahoo!”-nun baş direktoru Marissa Mayer yazıb.
Artıq cari ilin dekabrında ABŞ-da “Firefox” istifadəçiləri bu yeniliyi sınaqdan keçirəcəklər. 2015-ci ildə brauzerdə yeni axtarış sistemi tam istifadəyə veriləcək.
“Statcounter” analitik xidmətinin məlumatına görə, qlobal brauzer bazarında 48% göstəriciyə malik “Google Chrome” liderdir. 16.8% göstəriciyə malik “Firefox” brauzeri üçüncü pillədə qərarlaşıb. Axtarış sistemləri arasında “Google” qlobal liderdir: kompüter və mobil qurğulardan verilmiş sorğuların 90%-i bu şirkətin payına düşür.
Emil Hüseynov
20/11/14 Çap et