Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron Resursların İşlənməsi” mövzusunda tədbir keçirilib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxana – İnformasiya Resursları Mərkəzində (MK–İRM) “Elektron Resursların İşlənməsi” (Electronic Resources Usage) mövzusunda “EBSCO” məlumat xidmətlərinin təqdimatına həsr olunmuş tədbir keçirilib.
MK-İRM direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova tədbirin əhəmiyyətindən söz açaraq bildirib ki, tədbirin keçirilməsində məqsəd AMEA-nın elmi müəssisə və təşkilatlarından olan nümayəndələrə “EBSCO” məlumat bazasının xidmətləri haqqında məlumat vermək və onların bazaya qoşulması imkanlarını müzakirə etməkdir.
Sonra “EBSCO” məlumat xidmətlərinin MDB üzrə nümayəndəsi Reiko Raie təqdimatla çıxış edib.
ABŞ-ın nüfuzlu şirkətlərindən olan “EBSCO”-nun qısa tarixindən danışan R.Raie xatırladıb ki, şirkət aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir. “EBSCO” təkcə ABŞ və Avropada deyil, dünyanın müxtəlif yerlərində də nəşr olunan sənədlərin elektron variantlarını oxuculara təqdim edir.
Ümumilikdə “EBSCO” məlumat bazası 20-yə yaxın mövzunu özündə birləşdirir. “EBSCO” nəşrlərindən istifadə etmək üçün alim və ziyalılardan xarici dil bilikləri tələb olunur. Burada materiallar ingilis, fransız, ispan, alman, italyan və s. dillərdə təqdim edilir.
Daha sonra Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (AKİK) respublika üzrə koordinatoru Cəmilə Yusifova konsorsiumun fəaliyyətindən və “EBSCO” ilə əməkdaşlığından danışıb.
O bildirib ki, AKİK-nun məqsədi üzvlər arasında informasiya mənbələrini bərabər paylamaq, əldə olunan elektron ehtiyatların miqdar və keyfiyyətini artırmaq, eləcə də üzvlərin sayını daim çoxaltmaqdır. Artıq AMEA-nın bir neçə institutu dünyada çox məşhur olan “EBSCO” məlumat bazasına konsorsiumun vasitəsilə çıxış əldə edib. C.Yusifova onu da qeyd edib ki, bazanın məlumat mənbələrindən yararlanmaq və sərfəli abunə haqqı olaraq maliyyə məsələlərini yoluna qoymaq üçün AMEA-nın elmi müəssisə və təşkilatları vahid sistemdə birləşməlidirlər.
Növbəti ildə konsorsium tərəfindən akademiyanın institut və təşkilatlarından olan istifadəçilərə “EBSCO”-nun elektron nəşrlərindən sərbəst istifadə edə bilmək və onları dünyada qlobal miqyas almış informasiya bazaları ilə tanış etmək üçün treninqlər təşkil olunacaq.
Sonda müzakirələr zamanı səsləndirilmiş fikirlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
20/11/14 Çap et