Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərkosmos” ASC BMT-nin təşkil etdiyi seminarda təmsil olunub


  “Azərkosmos” ASC bu il noyabrın 17-dən 20-nə qədər Çinin paytaxtı Pekində Birləşmiş Millətlər Təşkilatı, Çinin Milli Kosmik Administrasiyası və Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının birgə təşkil etdiyi Hüquq sisteminin güclənməsində milli kosmik qanunvericiliyinin rolu haqqında seminarda təmsil olunub.
 
Seminar çərçivəsində “Azərkosmos” ASC-nin Hüquq şöbəsinin əməkdaşı Arzu Məmmədova  çıxış edib.  Çıxış zamanı “Kosmik fəaliyyət haqqında” Azərbaycan  Respublikasının Qanun layihəsi təqdim olunmuş və bu qanunun qəbul edilməsi nəticəsində Azərbaycanda kosmik sahənin davamlı inkişafına hüquqi zəmin yaranacağı  qeyd olunub. Azərbaycanda kosmik sahənin hüquqi tənzimlənməsi ilə bağlı atılan addımlar tədbir təşkilatçıları və iştirakçıları tərəfindən müsbət qarşılanıb və inkişaf etməkdə olan ölkələr üçün nümunə ola biləcəyinə dair fikirlər səsləndirilib.
 
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.




24/11/14    Çap et