Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakı 2-ci Regional İnternet İdarəçilik Forumuna ev sahibliyi edəcək
Hal-hazırda qlobal İnternet İdarəçilik Forumunun (İİF) dəstəklənməsi məqsədilə Azərbaycan da daxil olmaqla bir sıra ölkələr internetin idarəçiliyi məsələlərində daha da fəal olmaq üçün regional və milli İnternet İdarəçilik forumlarını təşkil edirlər.
Sözügedən forumlarda iştirak edənlər internetin istifadəsinin texniki, təşkilati, hüquqi aspektlərini milli və regional səviyyədə müzakirə edir, fikir mübadiləsi aparırlar.
Bu tip regional forumlar internet idarəçilik məsələlərini yerli səviyyədə dərindən və daha effektiv araşdırmağa, eləcə də, müzakirələr nəticəsində əldə edilmiş nəticə və təklifləri qlobal İİF forumunda səsləndirməyə imkan verir.
Regional forumlar internet idarəçiliyi ilə bağlı texniki təcrübəni artırır və region ölkələrinə imkan yaradır ki, bu sahədə baş verən proseslər və yeniliklər barədə xəbərdar olsunlar.
BMT ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə "İnsan, İqtisadiyyat və Sosial Məsələlər üzrə Davamlı İnkişaf üçün İnternet idarəçiliyi" mövzusunda təşkil olunan VII İnternet İdarəçilik Forumundan sonra Azərbaycanda bu sahəyə maraq daha da artdı.
Bu tədbirə qədər ölkəmiz 2006-cı ildə Afinada (Yunanıstan), 2007-ci ildə Rio de Janeyroda (Braziliya), 2008-ci ildə Heydərabadda (Hindistan), 2009-cu ildə Şarm əl Şeyxdə (Misir), 2009-cu ildə Vilnüsdə (Litva), 2011-ci ildə Kenyanın paytaxtı Nayrobidə təşkil edilmiş forumlarda yaxından iştirak etmiş, təcrübə mübadiləsi aparılmış və nailiyyətlərimiz nümayiş etdirilmişdi.
Xatırladaq ki, Azərbaycan regional İnternet İdarəçilik Forumu keçirən ölkələrin ailəsinə 2013-cü ildə qoşuldu.
Həmin ilin 3-5 dekabr tarixlərində Bakıda "İnternet regional inkişaf və irəliləyişin hərəkətverici qüvvəsi kimi" mövzusunda Birinci Regional İnternet İdarəçilik Forumu (RİİF) keçirilib.
Ənənəvi olaraq "Bakutel" Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində təşkil olunan forum BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti, BMTİP-nin Azərbaycan Nümayəndəliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan İnternet Forumunun birgə təşkilatçılığı ilə keçirilmişdi.
Forumun sessiyalarında "İnternet idarəçiliyi regional münasibətlərin inkişafı kimi - Yeni meyillər, imkanlar və risklər", "Sosial şəbəkələr və sosial media rəqəmsal geriliyin həlli kimi", "Regional informasiya təhlükəsizliyi", "Kibercinayətkarlıq", "Azərbaycanda internet idarəçiliyi", "Milli internet infrastrukturu" və digər məsələlər müzakirə edilmişdir. Qeyd etmək lazımdır ki, Birinci Regional İnternet İdarəçilik Forumu nəinki Azərbaycanda, hətta regionda bu sahədə keçirilmiş ilk belə tədbir oldu.
Tədbirdə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Rusiya Federasiyasının Dövlət Dumasının üzvü Robert Şlegel, BMT-nin Asiya və Sakit Okean Ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının Şimali və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri Nikolay Pomoşnikov, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin Baş mütəxəssisi Vyaçeslav Çerkasov, İCANN təşkilatının vitse-prezidenti Naycel Hikson, BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsinin müavini Natalia Alhazişvili daxil olmaqla 300 nəfərdən artıq mötəbər qonaq iştirak etmişdi.
Artıq keçirilməsi bir ənənə halını almış Regional İnternet İdarəçilik Forumu bu dəfə cari ilin 02-03 dekabr tarixlərində "Bakutel-2014" Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində baş tutacaq.
Builki konfrans Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə reallaşdırdığı "Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi" layihəsi çərçivəsində "İKT vasitəsilə regional iqtisadi inkişaf və mədəni irəliləyiş üçün çoxtərəfli platforma" mövzusunda keçiriləcək.
Forum BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti, BMT-nin İnternet İdarəçilik Forumu üzrə Cenevrə Katibliyi, BMT-nin Azərbaycan Nümayəndəliyi, Azərbaycan İnternet Forumu və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə dəstəyi ilə reallaşacaq.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın regional İKT inkişafının mərkəzi kimi yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsini və əməkdaşlığını həyata keçirməkdir.
Tədbirdə "Rəqəmli erada hökumətin transformasiyası: Açıq Hökumət Məlumatının (AHM) Azərbaycanda yeni inkişafı və istiqamətləri", "Post-Sovet məkanında E-İştirakın innovativ imkanları", "Avrasiya və Azərbaycan regionunda E-Təhsil imkanlarının yaradılması", "İKT innovasiyaları vasitəsilə davamlı inkişaf və ətraf mühitin qorunması" və s. bu kimi maraqlı mövzular müzakirə olunacaq. Tədbirdə Azərbaycanın və müxtəlif ölkələrin hökumət, biznes nümayəndələri, elm və vətəndaş cəmiyyəti sahələrinin iştirakçıları İnternetlə bağlı aktual problemləri müzakirə etmək üçün toplaşacaqlar.
25/11/14 Çap et