Avstraliyada kibertəhdidlər barədə məlumat vermək üçün sayt istifadəyə verilib
Hökumətə hazırlanan və ya baş verən kibercinayətlər haqqında məlumat vermək istəyən avstraliyalılar indi “ACORN” (Australian Cybercrime Online Reporting Network) saytının xidmətlərindən istifadə edə bilərlər.
Resurs “CrimTrac” hökumət təşkilatı tərəfindən Avstraliya cinayətkarlıq məsələləri Komitəsi ilə birlikdə hazırlanıb.
Saytdan istifadə etməklə müdaxilə, fərdi məlumat oğurluğu, qeyri-qanuni kontentin yerləşdirilməsi və kiberhücumlar kimi kibercinayətlər haqqında məlumat vermək mümkün olacaq.
Avstraliya ədliyyə naziri Maykl Kinan deyib ki, saytın əsas vəzifəsi ölkə əhalisi üçün kibercinayətlər haqqında tez və təhlükəsiz məlumat vermək imkanının yaradılmasıdır. Məlumatlar yerli və ya federal səviyyəli müvafiq hüquq-mühafizə orqanlarına ötürüləcək.
Kanberrada keçirilən “CeBIT GovInnovate” konfrans zamanı nazir bildirib ki, kibercinayətkarlıqla effektiv mübarizə üçün bütün hüquq-mühafizə orqanlarının səmərəli və birgə fəaliyyəti tələb olunacaq, “ACORN” isə orqanlar arasında əməkdaşlığı yeni səviyyəyə keçirməyə imkan verəcək. Sayt cinayətkarların fəallığını daha yaxşı müəyyən edəcək, qanun keşikçiləri kibercinayətkarlığın ümumi mənzərəsini izləyə biləcəklər. Bunun sayəsində dövlətin cinayətkarların fəallığı üçün taktiki və strateji cavabı yaxşılaşacaq.
M.Kinanın sözlərinə görə, Avstraliya hökuməti saytın hazırlanmasına 1,5 milyon Avstraliya dolları xərcləyib və daha 930 min reklama sərf olunub. Nazir hesab edir ki, dövlətin rəqəmli iqtisadiyyatının mühafizəsi prioritet vəzifədir, çünki sektor iş yerləri yaradır və dövlət xəzinəsinə yüksək gəlir gətirir.
Yerli hökumət həmçinin hüquq-mühafizə orqanlarının kibercinayətkarlıq sahəsində təhqiqatların aparılmasında səlahiyyətlərini üç mərhələdə artırmağa imkan verəcək yeni qanun qəbul edib, - "
SecurityLab” yazır.