Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Füzuli rabitəsinə dəymiş zərər aradan qaldırılır
Füzuli rayonuna düşən dolu və baş vermiş qasırğa nəticəsində rayonun bütün sahələri ilə yanaşı, telekommunikasiya və poçt sahəsinə də ciddi ziyan dəyib. Rayonun Telekommunikasiya və Poçt Filialından verilən məlumata görə, rayon rabitəsinə dəymiş ziyanın miqyası böyükdür. Belə ki, dəhşətli dolu və qasırğa nəticəsində Horadiz şəhərində yerləşən rayon “Rabitə evi”nin damı və yardımçı tikili tamamilə yararsız vəziyyətə düşüb.
Fəlakət nəticəsində Horadiz şəhəri ilə yanaşı, Əhmədalılar və Mollaməhərrəmli, Arayatlı kəndlərinin poçt şöbələri və ATS binaları, birləşdirici xətlər yararsız vəziyyətə düşüb. Bundan başqa idarələrin avtomobilləri də yararsız hala düşüb.
Füzuli Rayon Telekommunikasiya Qovşağından verilən məlumata görə, daxili imkanlar hesabına dəymiş zərərin 70 faizi aradan qaldırılaraq vətəndaşların rabitə xidmətləri bərpa olunmaqdadır. Vətəndaşların poçt göndərişlərinin ünvanlarına çatdırılması da təmin edilib. Sabah günün birinci yarısına qədər problem tamamilə aradan qaldırılacaq.
Qeyd edək ki, hazırda rayonda qeyri-sabit hava şəraiti müşahidə olunur.
07/06/11 Çap et