Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa investisiya planının əsas məqsədləri açıqlanıb


Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerin Avropa Parlamentində çıxışı zamanı söhbət açdığı investisiya planı həm Avropa İttifaqı (Aİ) büdcəsindən birbaşa investisiyaları, həm də özəl investisiyaların stimullaşdırılması üzrə bir sıra tədbirləri nəzərdə tutur.

“Sərmayələrin ümumi həcminin 315 milyard avrodan çox olacağı gözlənilir. 21 milyard avro məbləğində ilkin maliyyələşmə Avropa İnvestisiya Bankına 63 milyard avro kredit verməyə imkan verəcək. Vəsaitlər layihələrin nisbətən riskli mərhələlərinə xərclənəcək”, - prezident bildirib.
 
Avropa Komissiyası iqtisadiyyatın əsas infrastruktur sektorlarında, o cümlədən rabitə və elektron ticarət sahəsində qanunvericilik və digər maneələri aradan qaldırmaq niyyətindədir.
 
Qeyd olunur ki, fərdi məlumatların mühafizəsi, müəllif hüquqları və internet istifadəçilərinin hüquqları haqqında qanunvericilikdə aparılan sürətli və geniş islahatlar Avropanın vahid rəqəmli bazarının yaradılmasına kömək edəcək.
 
Dekabrda Jan-Klod Yunker investisiya planı çərçivəsində əsas layihələrin siyahısını təqdim etməyi planlaşdırır. Onun sözlərinə görə, əsas istiqamət infrastruktur olacaq. “Avropada geniş əhatəli və böyük buraxılış qabiliyyətinə malik genişzolaqlı rabitə şəbəkələrinə, intellektual məlumat emalı mərkəzlərinə ehtiyac var”, - Avropa Komissiyasının prezidenti vurğulayıb, - "Computerworld ” yazır. 




29/11/14    Çap et