Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Koreyanın Baş naziri: “Azərbaycanın “elektron hökumət” sisteminin sürətli inkişafını yüksək dəyərləndirirəm”
“BMT-nin “elektron hökumət” araşdırmasına əsasən, 2010-cu illə müqayisədə 28 pillə irəliləyərək 2014-cü ildə 68-ci yerdə qərarlaşan Azərbaycanın “elektron hökumət” sisteminin sürətli inkişafını yüksək dəyərləndirirəm”.
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu fikri Koreya Respublikasının Baş naziri Çanq Honqvon “AzərTAc”a verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, “elektron hökumət” təchizat sahəsində ictimai xidmətin, məlumatın saxlanılmasının, inzibati idarəçiliyin səmərəliliyini artıran çox faydalı infrastruktur formasıdır və insanların gündəlik həyatlarını daha da asanlaşdırır.
Çanq Honqvon bildirib ki, Koreya “elektron hökumət” sisteminin yaradılması və inkişafı üçün Azərbaycan ilə fəal surətdə təcrübə və biliklərini paylaşır.
“Hazırda, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində elektron təhsil mərkəzinin yaradılması üzrə layihə həyata keçirir və bununla əlaqədar olaraq Azərbaycanın hökumət rəsmiləri üçün müxtəlif təlim proqramları təşkil edir. Koreya, həmçinin gələcəkdə Azərbaycan ilə elektron təchizat və mərkəzləşdirilmiş maliyyə menecmenti məlumatı sistemləri sahələrində əməkdaşlığı genişləndirməyə çalışacaq”, - deyə Koreyanın Baş naziri qeyd edib.
29/11/14 Çap et