Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun iclası keçirilir


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Prezident yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı ilə 2014-cü il dekabrın 1-də “Kempinski Hotel Badamdar”da QDİƏT Elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun yüksəksəviyyəli iclası öz işinə başlayıb. 
 
İclasda qarşıdan gələn dövr üçün elm və texnologiya üzrə əməkdaşlıq sahəsində 2 və 4 illik fəaliyyət planları, bəyannamə, digər müvafiq sənədlər müzakirə olunur. 2 gün davam edəcək iclasda müzakirə olunan planlar və bəyannamə QDİƏT-ə üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin 2014-cü il 3 dekabr tarixində baş tutacaq yüksəksəviyyəli iclasında qəbul olunmaq üçün təqdim ediləcək.
 
İclasın işinə QDİƏT-ə üzv olan Azərbaycan, Türkiyə, Serbiya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Moldova, Ukraynadan yüksəksəviyyəli ekspertlər qatılıb.
 
 İclasda, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda yerləşən Daimi Katibliyinin rəhbərliyi, Təşkilatın Parlament Assambleyasının, Yunanıstanda fəaliyyət göstərən Qara Dəniz Tədqiqatları Beynəlxalq Mərkəzinin, üzv dövlətlərin Bakıdakı səfirliklərinin nümayəndələri iştirak edirlər. 3 dekabr iclasında bir neçə ölkənin elm və texnologiya üzrə nazirlərinin iştirakı gözlənilir. 
 
 
Qeyd edək ki, Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunda (Organization of the Black Sea Economic Cooperation - BSEC, Working Group on Cooperation in Science and Technology)  2014-cü il 1 iyul – 2016-cı il 30 iyun müddəti üçün ölkə əlaqələndiricisi kimi fəaliyyət göstərəcək.  Bu müddət ərzində isə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ölkə əlaqələndiricisi adından QDİƏT-in Elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun fəaliyyətini əlaqələndirəcək.    
 




01/12/14    Çap et