Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”


Xəbər verdiyimiz kimi, avqust ayının 21-24 tarixində Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Bilkənd Universitetində “Optimallaşma, idarəetmə və sənaye tətbiqləri” elmi konfransında iştirak etmişdir.

Nümayəndə heyətinin tərkibində BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev də olmuşdur. Fikrət müəllimlə görüşüb onun konfrans haqqında təəssüratlarını öyrəndik.

- Fikrət müəllim, konfrans haqqında fikirlərinizi bilmək istərdik...

- İlk öncə qeyd edim ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı, nazir Əli Abbasovun rəhbərliyi ilə konfrans iki dəfə 2005, 2008-ci illərdə Bakıda keçirilmişdir. Türkiyədə keçirilən konfrans da RİTN-in birbaşa təşkilatçılığı ilə baş tutmuşdur.

Konfransda dünyanın 10-dan çox ölkəsindən 70-dən çox tanınmış alim məruzə ilə iştirak edirdi.

Plenar məruzədə Vidiya Saqar (ABŞ), Yamomota (Yaponiya), Konstantinov (Bolqarıstan) və s. idarəetmə və optimallaşdırma sahəsində kifayət qədər tanınmış alimlər məruzə ilə çıxış etdi. Bunlar həm praktika, həm də nəzəri sahədə tanınmış alimlərdir.

Konfransın əsas məqsədi əldə edilmiş yeni nəzəri nəticələrlə yanaşı, onların sənayeyə, iqtisadiyyata tətbiqi metodlarını müəyyənləşdirmək idi.

Xüsusilə qeyd etmək istərdim ki, ABŞ-ın İllinoys Universitetinin professoru Tamer Bəşər, Yaponiya Universitetinin professoru Otaka , Bilkənd Universitetinin professoru E.Arikan, Sofiya Universitetinin professoru P.Petkov, Kiyev Dövlət Universitetinin professoru S.Poqereley və başqaları elmi tutuma malik, olduqca maraqlı məruzələrlə çıxış etdilər.

Maraqlı məqam odur ki, konfransın açılışını Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov etdi.

O, konfransın yaranma tarixi haqqında qısa məlumat verərək qərarların qəbul edilməsində iqtisadi məsələlərin həllində, çoxsaylı elmi-tədqiqatların aparılmasında, mürəkkəb texniki sistemlərin layihələndirilməsində optimallaşdırma və idarəetmənin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi.

Cənab nazir Rəqəmsal dünyanın sürətlə böyüdüyünü qeyd edərək bir sıra həlli vacib olan problemləri konfrans iştirakçılarının diqqətinə çatdırdı. Sonda cənab nazir öz çıxışında Azərbaycanda dövlət tərəfindən elmə və təhsilə verilən yüksək diqqət və qayğıdan bəhs etdi.

O, Azərbaycanın neft ölkəsi kimi tanınmasına baxmayaraq, ölkədə elm və təhsilin, eləcə də, informasiya texnologiyalarının inkişafının prioritet olduğunu qeyd etdi. Konfrans iştirakçıları cənab nazirin timsalında elm adamlarının hökumətdə təmsil olunmasını yüksək dəyərləndirdilər.

- Konfransda hansı məsələlər müzakirə edildi?

- Konfransda idarəetmə və optimallaşdırma sahələrində əldə olunan yeni nəticələr onların iqtisadiyyata, informasiya texnologiyaları və sənayenin müxtəlif sahələrinə tətbiqi müzakirə edilmişdir.

Eyni zamanda, indiyə qədər hesablama üsulları müəyyən çətinliklər yaradan bir çox yeni məsələlərin çıxış yolları da konfransda müzakirə mövzusu olub.

Xatırladım ki, konfransın işində ölkəmizdən 15-ə qədər alim məruzə ilə çıxış etdi. Xüsusilə qeyd etmək istərdim ki, İKT və neft sahəsi ilə bağlı məruzələr konfrans iştirakçılarının böyük marağına səbəb oldu.

Konfransda mən iki məruzə ilə çıxış etdim. Onlardan biri kosmik sənayedə istifadə olunan natamam informasiyanın optimal idarəetmə məsələlərinin həlli ilə bağlı idi. İkinci məruzəm isə neft sahəsində qazliftin riyazi modelləşdirilməsinin tətbiqindən bəhs edirdi.

-Növbəti konfrans nə vaxt, harada keçiriləcək?

-Qeyd edim ki, bu konfrans indiyədək 3 ildən bir keçirilirdi. Konfransın vacibliyini nəzərə alaraq təşkilatçıları qərara aldı ki, bundan sonra konfrans iki ildən bir keçirilsin. Xatırladım ki, Ukraynadan, Fransadan, İtaliyadan və Bolqarıstandan konfransın bu ölkələrdə keçirilməsi ilə bağlı təkliflər gəlmişdi. Təşkilatçılar qrupu qərara aldı ki, növbəti konfrans 2013-cü ilin iyulunda Bolqarıstanda keçirilsin.




01/09/11    Çap et