Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda İkinci Regional İnternet İdarəçilik Forumu keçirilir


Bu gün Bakıda BMT-nin İnkişaf Proqramı və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə reallaşdırdığı “Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlığının və səmərəliyinin modernləşdirilməsi” layihəsinin təşkil etdiyi “İKT vasitəsi ilə regional iqtisadi inkişaf və mədəni irəliləyiş üçün çoxtərəfli platforma” mövzulu İkinci Regional İnternet İdarəçilik Forumu  (RİİF) öz işinə başlayıb.
 
Tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə əvvəlcə “Bakutel-2014” sərgi-konfransı haqqında danışaraq tədbirin əhəmiyyətindən söz açıb.
 
 
İnternet İdarəçilik Forumunun əsas məqsədlərindən birinin İKT sahəsində aktual məsələlərin müzakirəsi və birgə qərarların qəbul olunması olduğunu vurğulayan nazir müavini deyib ki, son illər Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük inkişafa nail olub: “Ölkədə İKT iqtisadiyyatın əsas aparıcı qüvvəsi kimi qəbul edilir və bu sahənin inkişaf etdirilməsi üçün hökumət lazım olan bütün addımları atmaqdadır. Bu gün internet insanların məlumat əldə etməsi və informasiyaların yayılması baxımından əsas vasitəyə çevrilib”.
 
 
 
BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Natalia Alhazişvili həyata keçirilən layihələrdən danışaraq bildirib ki, həm Azərbaycan hökuməti, həm də BMT-nin İnkişaf proqramı birgə  gələcək üçün müəyyən addımlar atır.
 
Azərbaycanda İKT istiqamətində güclü inkişaf getdiyini bildirən xanım Alhazişvili bu istiqamətdə gənclərin rolunun artmasını, təhsildə, səhiyyədə İKT-nin tətbiqlərinin genişləndirilməsini müsbət qəbul etdiklərini söyləyib:
 
“Həm BMT, həm də hökumətlər anlayır ki, İKT tətbiq olunmadan idarəçiliyi yaxşılaşdırmaq olmaz. Biz çox şadıq ki, Azərbaycan məqsədlərinin əksəriyyətinə nail olub. BMT-nin İnkişaf Proqramı olaraq Azərbaycana yaxından köməklik göstərməyə hazırıq. Eyni zamanda istəyirik ki, ölkəniz əldə etdiyi təcrübələri digər ölkələrlə də paylaşsın, bölüşsün”.
 
Sonra BMT-nin İqtisadi və sosial departamentinin şöbə müdiri Vyaçeslav Çerkazov ilk dəfə Azərbaycana 3 il bundan əvvəl gəldiyini və daha sonralar bir neçə dəfə səfər etdiyini vurğulayaraq hər gəlişində Bakının, eləcə də informasiya-kommunikasiya texnologiyalarının, internetin sürətlə inkişaf etdiyini deyən V.Çerkazov bunun çox müsbət hal olduğunu diqqətə çatdırıb: “Biz başa düşürük ki, yeni nəsil texnologiyalardan daha çox gənclər yararlanır. Onlar azad və hər kəsə açıq olan internetdən aktiv şəkildə istifadə edirlər. Düşünürəm ki, forumda bunlar vurğulanmalıdır”.
 
 
İnternetin ictimai xarakter daşıdığını və onun hamı üçün əlçatan olmasının vacibliyindən danışan V.Çerkazov deyib ki, bu “hörümçək toru”nun gələcəyi sadəcə olaraq qlobal məsələlərdən deyil, eyni zamanda regional münasibətlərdən də asılıdır: “İnternet imkan verir ki, dünyadakı insanlar bir yerdə işləyə bilsinlər, qlobaldan fərdiyə, fərdilikdən isə qloballığa doğru addım atsınlar”.
 
Qeyd edək ki, Regional İnternet İdarəçilik Forumu 2012-ci ildə Bakıda təşkil edilən 7-ci İnternet İdarəçilik Forumu ərəfəsində yaradılıb və hər il qeyd edilməkdədir.

Forumun keçirilməsində məqsəd daha da səmərəli və effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını, Azərbaycanın regional İKT inkişafının mərkəzi kimi yerli iştirakçılarının beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsini və əməkdaşlığını həyata keçirməklə yanaşı, bu sahədə olan problemlərin müzakirəsi, maraqlı layihələri nümayiş etdirməkdir.
 
 
Seymur Qasımbəyli




02/12/14    Çap et