Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Prezident Türkiyənin elm, sənaye və texnologiyalar nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


Prezident İlham Əliyev dekabrın 2-də Türkiyə Respublikasının elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Fikri İşık Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Əhməd Davudoğlunun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Bakıda keçirilən "BakuTel-2014" telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətini vurğuladı. Fikri İşık Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elm və texnologiyalar üzrə nazirlər toplantısında iştirak edəcəklərindən məmnun olduqlarını dedi.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə dekabrın 1-dəki telefon söhbətini xatırlayan Prezident İlham Əliyev bir daha Türkiyə tərəfindən Azərbaycanın "G20"-nin tədbirlərinə və zirvə toplantısına dəvət edilməsini ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında bütün sahələrdə uğurla inkişaf edən əməkdaşlığı elm və yüksək texnologiyalar sahəsində daha da genişləndirməyin önəmini qeyd etdi.

Türkiyəli nazir bildirdi ki, biz hamımız Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" fəlsəfəsinin daha da möhkəmləndirilməsində səylərimizi əsirgəməməliyik.

Dövlətimizin başçısı İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Əhməd Davudoğlunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

 






03/12/14    Çap et