Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda QDİƏT-in elm və texnologiya üzrə əməkdaşlıq sahəsində 4 illik fəaliyyət planı qəbul olundu


Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EIF) və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclası keçirilib.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun sədrlik etdiyi yüksəksəviyyəli iclasın işində QDİƏT-ə üzv olan Azərbaycan, Bolqarıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstandan nümayəndə heyətləri iştirak edib.
 
Elmi-texnoloji potensialın qlobal iqtisadiyyatda, o cümlədən hər bir ölkə iqtisadiyyatının inkişafında aparıcı xəttə malik olduğunu vurğulayan nazir Əli Abbasov Azərbaycanda həyata keçirilən elmi fəaliyyətdən söz açıb.
 
Elmi inkişafın ölkəmizdə dövlət siyasətinin mühüm prioritetlərindən birini təşkil etdiyini deyən nazir Azərbaycan Milli Elmlər Akademiyasında,  həmçinin institutlarında innovativ yönümlü proqramlar çərçivəsində müəyyən elmi-texniki  işlərin və tədqiqatların aparıldığını bildirib, "Thomson Reuters" agentliyinin araşdırmalarında azərbaycanlı alimlərin elmi işlərinin çox sürətlə artdığını diqqətə çatdırıb. Uğurlu elmi-texniki siyasətin iqtisadi artımda roluna da toxunan  Əli Abbasov ölkəmizdə  qeyri-neft sektorunun inkişafına əsaslanan "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının qəbul olunduğunu bildirib.
 
Nazir konsepsiyaya uyğun olaraq, elmin, yeni texnologiyaların tətbiqi ilə texnoloji, innovasiya tutumlu iqtisadi inkişafa nail olmağın, eyni zamanda qeyri-neft sektorunun hesabına gələcək illərdə ÜDM-nin 2 dəfə artımına müvəffəq olmağın qarşıda məqsəd kimi qoyulduğunu nəzərə çatdırıb.
 
 
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin Baş katibi, səfir Viktor Tvircun EİF və RYTN tərəfindən təşkil edilən tədbirin əhəmiyyətini vurğulayıb:
 
"Elm və texnologiya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üzvləri arasında əməkdaşlığın əsas istiqamətləri olub. Hesab edirəm ki, elm və texnologiya üzrə nazirlərin görüşü regional əməkdaşlığın gücləndirilməsi baxımından irəliyə atılmış növbəti addım olacaq". 
 
 
QDİƏT-ə sədrlik edən ölkə - Yunanıstanın koordinatoru, səfir Michael Christides də iclasın əhəmiyyətini vurğulayaraq, onun üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini bildirib:
 
"Düşünürəm ki, burada qəbul edilmiş elm və texnologiya üzrə əməkdaşlıq sahəsində növbəti Fəaliyyət Planı gələcək tərəqqiyə yol açacaq".
 
Azərbaycanda elmin inkişafına böyük diqqət verildiyini söyləyən EİF-in prezidenti Elçin Babayev isə bu sahəyə göstərilən dövlət qayğısından söz açıb. Respublika Prezidenti İlham Əliyevin Azərbaycanın regional elmi mərkəzə çevrilməsi fikrini də əsas gətirən E.Babayev bu məsələnin alim və elm adamlarının qarşısında başlıca məqsəd kimi qoyulduğunu diqqətə çatdırıb.
 
 
Türkiyənin elm, sənaye və texnologiya naziri Fikri İsıq isə beynəlxalq əməkdaşlığın dərinləşdirilməsində elm və texnologiya sahələrinin rolunun artdığını vurğulayıb: "Eyni coğrafiyanı paylaşan ölkələr üçün bu əməkdaşlığın qurulması daha da vacibdir. Bu baxımdan, regional əməkdaşlıqda mühüm rol oynayan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı mövcud əlaqələrin möhkəmləndirilməsinə öz töhfəsini verir. Bu ölkələrin hər biri zəngin təbii və insan resurslarına malikdir. Elm və texnologiya ilə yanaşı, bu əməkdaşlıqda nəqliyyat, ticarət sahələrinin inkişafı, enerji dəhlizinin yaradılması da çox vacibdir. Türkiyə dövləti olaraq, QDİƏT-in əməkdaşlıq təşəbbüslərini həmişə müsbət qarşılamışıq".
 
 
Tədbirdə Bolqarıstanın təhsil və elm naziri Todor Tanev, Rusiyanın təhsil və elm nazirinin müavini Venyamin Kaqanov, Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılov, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin icraçı direktoru səfir Bratislav Dordevic, Yunanıstanın Azərbaycandakı səfiri Dimitros Tsoungas, Moldova Elmlər Akademiyasının vitse-prezidenti İon Guceac, Rumıniyanın Azərbaycandakı səfiri Daniel-Cristian Ciobanu, Serbiyanın Azərbaycandakı səfiri Nebojsa Rodic, Azərbaycanın QDİƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Asəf Hacıyev, QDİƏT Parlament Assambleyasının İqtisadiyyat, Kommersiya, Texnologiya və Ətraf Mühit üzrə Komitəsinin katibi Yadigar Məmmədov, QDİƏT-də müşahidəçi statusuna malik Almaniyanın Azərbaycandakı səfirliyinin (missiyasının) müavini Wolfgang Mossinger, Azərbaycanın Türkiyədəki baş konsulu Həsən Zeynalov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev və akademik-katibi Rasim Əliquliyev, bir sıra ali təhsil müəssisələrinin rektorları, dövlət və hökumət qurumlarının nümayəndələri də iştirak və çıxış ediblər. 
 
 
İclasda qarşıdan gələn dövr üçün elm və texnologiya üzrə əməkdaşlıq sahəsində 4 illik fəaliyyət planı, bəyannamə və digər müvafiq sənədlər müzakirə edilib və qəbul olunub.
 
Adıçəkilən sənədlər QDİƏT-in Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun Bakıda 2014-cü il 1-2 dekabr tarixlərində keçirilmiş iclasında ekspertlər tərəfindən hazırlanıb.
 
Həmçinin iclasda Azərbaycan adından Elmin İnkişafı Fondunun təqdim etdiyi 2 illik fəaliyyət planı da müzakirə edilərək qəbul olunub. Fəaliyyət planında bilateral əməkdaşlığın gücləndirilməsi, innovasiyalar, tədqiqat infrastrukturu, kadr potensialına, xüsusilə də gənc tədqiqatçılara olan diqqətin artırılması, yay məktəblərinin təşkili, informasiya mübadiləsi, tədqiqat və inkişaf üzrə şəbəkələrin fəaliyyətinin canlandırılması, beynəlxalq çərçivə proqramlarında fəal iştirak, layihələr fondunun reabilitasiyası və digər mühüm məsələlər öz əksini tapıb. 
Qeyd edək ki, Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunda (Organization of the Black Sea Economic Cooperation - BSEC, Working Group on Cooperation in Science and Technology)  2014-cü il 1 iyul tarixindən etibarən iki il müddətində ölkə əlaqələndiricisi kimi fəaliyyət göstərəcək.
 
12 dövlətin üzv olduğu QDİƏT-in ali orqanı Xarici İşlər Nazirləri Şurasıdır və üzv ölkələrin koordinasiyası işini təşkilatın İstanbul şəhərində yerləşən Daimi Beynəlxalq Katibliyi təşkil edir.
 
QDİƏT-in fəaliyyəti isə əsasən İşçi qruplar vasitəsi ilə həyata keçirilir. QDİƏT-in Elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun fəaliyyətini ölkə əlaqələndiricisi olan Azərbaycan adından 2 illik fəaliyyət dövründə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu əlaqələndirəcək.
 
 
 
Həqiqət İSABALAYEVA




03/12/14    Çap et