Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Gomap.az”-da TRAFİK funksionalı və intellektual axtarış sistemi tətbiq edildi
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılan “Gomap.az” elektron xəritəsində yeni funksionallar tətbiq edilib.
Yeni TRAFİK funksionalı vasitəsilə “Gomap.az”-da indi Azərbaycanın bütün ərazisində yollardakı trafik vəziyyətini onlayn izləmək olar.
Saytda menyudakı "TRAFIK" düyməsini basmaqla bu funksionalı işə salmaq olar. Yol vəziyyəti xəritəsi 2 rejimdə işləyir:
- yoldakı sürətə görə vəziyyət;
- yoldakı avtomobil sıxlığına görə vəziyyət.
Bu funksionaldan istifadə avtomobil sürücülərinə daha optimal və az sıxlığı olan marşrut seçməyə imkan verəcəkdir. TRAFİK funksionalından “Gomap.az”-ın mobil versiyalarında da istifadə etmək mümkündür.
Bundan əlavə “Gomap.az”-da intellektual axtarış sistemi də tətbiq edilməyə başlamışdır. Yeni sistem tətbiq edildikdən sonra ünvan axtarış sətrinə söz daxil edilərkən dinamik axtarış gedir və istifadəçiyə seçim üçün siyahı təqdim edilir.
Yeni intellektual axtarış sisteminin tətbiqi istifadəçilərə ünvanları və obyektləri daha rahat axtarmağa və vaxta qənaətə şərait yaradır.
“Gomap.az”-ın komandasının yeni axtarış sisteminin fokus-qrup tərəfindən istifadəsinin təhlil göstərmişdir ki, hər bir istifadəçi orta hesabla istədiyi ünvanı və ya obyekti 3,5 dəfə tez tapa bilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Gomap” elektron xəritəsi hazırda Azərbaycan və Gürcüstan üzrə ən geniş məlumatları əhatə edir.
Hazırda xəritəyə 78 000 POİ maraq nöqtəsi, 8 480 yaşayış məntəqəsi, 80 şəhər və qəsəbə üzrə tam ünvan məlumatları, 5 400 ədəd tarixi abidə, 49 630 km yol hərəkəti qaydaları ilə avtomobil yolları, 23 728 km2 yaşıllıqlar, 1mln-dan artıq bina və tikili, 54 630 km çaylar, kanallar və su ötürücü sistemlər haqda məlumat daxildir.
RƏVAN
03/12/14 Çap et