Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BakuTel-2014” Azərbaycan ilə İsrail arasında İKT sahəsində əməkdaşlıqda daha bir addım olacaq


Yəhudi Xəbər Agentliyinin (YHA) “Yəhudi şirkətləri “BakuTel-2014”də” sərlövhəli yazısında “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisindən söz açılır.

Məqalədə bildirilir ki, sərgidə dünyanın 23 ölkəsindən 250 şirkət, o cümlədən İsraildən 13 şirkət iştirak edir.

Məqalədə deyilir: “Prezident İlham Əliyev və onu müşayiət edən şəxslər “Bakutel-2014” sərgisinin ekspozisiya stendləri ilə tanış olublar. Stendlərdə dünyanın aparıcı informasiya-kommunikasiya şirkətlərinin, o cümlədən yəhudi şirkətlərinin nailiyyətləri əks olunur. Prezident İlham Əliyev qeyd edib ki, “Bakutel-2014” sərgisi şirkətlərin Azərbaycanda fəaliyyəti, respublikanın artan iqtisadiyyatından faydalanmaq üçün bir çox imkanlar açır”.

İsrailin Bakıdakı diplomatik missiyasından YHA-ya bildiriblər: “Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirir. İnformasiya-kommunikasiya texnologiyaları (İKT) və kosmos texnologiyaları Azərbaycan üçün iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı sahəsində əsas prioritetlərdəndir.

İsrail şirkətləri İKT sahəsində böyük uğurlar əldə ediblər. “Bakutel-2014” sərgisinə gələnlər İsrail ekspozisiyasına baxmaqla buna əmin ola bilərlər”.

İsrailin Bakıdakı diplomatik missiyasından YHA-ya onu da bildiriblər ki, “BakuTel-2014” Azərbaycan ilə İsrail arasında İKT sahəsində əməkdaşlıqda daha bir addım olacaq.




03/12/14    Çap et