Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanla Türkiyə kosmik sənaye sahəsində yeni əməkdaşlıq imkanlarını araşdıracaqlar


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Bakutel 2014” - 20-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı çərçivəsində Türkiyə Respublikasının elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İki qardaş ölkə arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişaf dinamikasına toxunan nazir Əli Abbasov əməkdaşlığın genişləndirilməsində rabitə və yüksək texnologiyalar sahəsinin xüsusi çəkiyə malik olduğunu vurğulayıb.
 
Texnoparkların yaradılmasında Azərbaycanın yeni addımlar atdığını da diqqətə çatdıran nazir bu sahədə artıq irəliləyişlər əldə etmiş Türkiyənin zəngin təcrübəsinin ölkəmiz üçün faydalı ola biləcəyini bildirib.
 
Elm, sənaye və texnologiyalar naziri Fikri İşık da ölkələrimiz arasında təcrübə mübadiləsinin vacibliyinə diqqət çəkərək, nəzəri biliklərin texnoloji həllərə yönəldilməsinin  əhəmiyyətini qeyd edib. Dünya kosmik klubunun üzvü kimi, Azərbaycanın peyk sənayesinin inkişafında əsaslı rol oynaya biləcəyini də vurğulayan türkiyəli nazir bu sahədə birgə layihələrin reallaşmasını məqsədəuyğun sayıb.
 
Kosmik sənaye sahəsində, o cümlədən müşahidə peyklərinin istehsalında Türkiyənin müvafiq yer tutduğunu xatırladan Fikri İşık Azərbaycanla birgə peyk istehsalı imkanlarının nəzərdən keçirilməsi fikrini irəli sürüb. Türkiyəli qonaq bio, nano, yüksək texnologiyalar və digər istiqamətlər üzrə də birgə əməkdaşlıq üçün geniş potensialın olduğunu  diqqətə çatdıraraq, bu potensialdan faydalanmağın hər iki ölkəyə böyük imkanlar qazandıracağını vurğulayıb.




05/12/14    Çap et