Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Videooyunları yaradan şəxs dünyasını dəyişdi
Videooyunların atası kimi tanınan amerikalı mühəndis Ralf Baer ABŞ-da dekabrın 6-da dünyasını dəyişib. İxtiraçının yaxınları bu haqda bildirib. Mühəndis Nyu-Qempşir ştatının Mançester şəhərindəki evində 92 yaşında vəfat edib.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Ralf Baer 1922-ci il martın 8-də Almaniyada anadan olub. 16 yaşı olanda ailəsi ABŞ-a gəlib. Gələcək mühəndis gənclik illərində dəri zavodunda işləyib. Günlərin birində Nyu-York qəzetində radio haqda yazı onun diqqətini cəlb edib. O, müstəqil radioelektronikanı öyrənməyə başlayıb, müharibədən sonra isə Çikaqo institutunu bitirib.
1951-ci ildə Baer elektronika ilə məşğul olan ABŞ şirkətinə televizorlar üçün oyun ideyasını təklif edib, amma rədd cavabı alıb. 15 il sonra ixtiraçı dünyanın ilk oyun konsolu prototipi olmuş qurğu yaratmağa nail olub. Bundan sonra qurğunun lisenziyası “Odyssey” konsollarının buraxılışı ilə məşğul olan “Magnavox” şirkətinə satılıb.
Emil Hüseynov
08/12/14 Çap et