Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ internetin idarəetməsindən imtina etməyə hazırlaşır


ABŞ hakimiyyəti internet üzərində nəzarət funksiyasından imtinaya hazırlaşır. Hesab edilir ki, “ICANN”-ın fəaliyyəti müstəqil arbitraj paneli daxil olmaqla, dörd yeni struktur tərəfindən izləniləcək.
 
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “ICANN” (Internet Corporation for Assigned Names and Numbers) korporasiyası gələcəkdə internetin idarəetməsi üzrə öz funksiyalarının icrasına davam etməkdən ötrü ictimai müzakirə üçün qaydalar layihəsini dərc edib. Müzakirə 2015-ci ilin yanvarında başa çatmalıdır.
 
“ICANN” – ABŞ-ın qeyri-kommersiya təşkilatıdır, 1998-ci ildə yaradılıb. Korporasiya qlobal internetin fəaliyyətini təmin edən “IANA”  (Internet Assigned Numbers Authority) xidmətlərinin icrası üçün ABŞ  Ticarət Nazirliyi (Telekommunikasiya və informasiya departamenti timsalında, NTIA) ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri simvolik olaraq 1 dollar təşkil edir.
 
“ICANN” internetin fəaliyyəti üzərində nəzarəti dörd struktur arasında bölməyi təklif edir. Onlardan biri “IANA” operatoru ilə müqavilənin bağlanması funksiyasını yerinə yetirəcək. Başqa təşkilat – “Multistakeholder Review Team” (MRT) bütün maraqlı tərəfləri təmsil etməli və hansısa bir subyektə tabe olmamalıdır. “MRT”-nin formalaşması prinsipləri hələ müzakirə edilməlidir.
 
Üçüncü təşkilat – İstifadəçilər Komitəsi (Customer Standing Committee) domen adlarının qeydiyyatçılarının maraqlarını təmsil edəcək. Bu komitə yeni domen zonalarının yaradılması ərizələrinə baxacaq, "kök zonasının faylı"nın işini izləyəcək, auditi aparacaq və s. Bu təşkilat öz təkliflərini MRT-yə göndərəcək.
 
Nəhayət, “IANA” operatorunun fəaliyyətindən şikayət etmək üçün instansiyanın – “Independent Appeals Panel”in yaradılması güman edilir. Bu, “ICANN”-dan asılı olmalı deyil. Üç arbitrdən ibarət qrup tərəfindən qərar çıxarılacağı güman edilir.
 
Emil Hüseynov
 

 
 




08/12/14    Çap et