Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ramiz Həsənov: “Elektron patent sistemi “Elektron hökumət” proqramı çərçivəsində uğurlu həllərdən biri kimi qiymətləndirilir”


“Sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində ən qabaqcıl təcrübə öyrənilməkdədir. Biz bu sahədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə sıx işbirliyi qurmuşuq. Bundan başqa Koreyanın müasir  təcrübəsindən istifadə etməklə “Əqli mülkiyyət hüquqlarının avtomatlaşdırılması” layihəsini uğurla başa çatdırmışıq”.
 
 Bu fikirləri mətbuata verdiyi açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov söyləyib. O bildirib ki, yaradılmış elektron patent sistemi Azərbaycanda “Elektron hökumət” proqramı çərçivəsində ən uğurlu həllərdən biri kimi qiymətləndirilməkdədir.
 
 
Bundan başqa, ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi məqsədilə perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə “Respublika Müsabiqəsi” elan edildiyini xatırladan komitə sədri qeyd edib ki, sözügedən müsabiqə “Sənaye ili” çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tədbirlər planına daxil edilib:
 
 “Müsabiqə 2013-cü ildə dövlət qeydiyyatına alınan ixtira patentləri arasında “İlin Patenti” nominasiyası üzrə qalibi müəyyən etmək məqsədilə keçirilir. Bu barədə mətbuatda da elanlar verilib. Hesab edirik ki, bu tip tədbirlərlə patent sistemində həm inkişafa nail olunacaq, həm də patent sahiblərinin bu sahədəki uğurlarının sayı artacaq”.
 
 
Rəhbərlik etdiyi komitənin başlıca məqsədinin vətəndaşların keyfiyyətli mal, məhsul və xidmətlərlə təminatı, bu təminatın günbəgün yüksəldilməsi olduğunu vurğulayan R.Həsənovun sözlərinə görə, hazırda müasir dünyada keyfiyyət amili, keyfiyyət infrastrukturunun öz səciyyəvi prinsipləri var:
 
“Bu gün heç kimə sirr deyil ki, Azərbaycan vətəndaşı istehlak etdiyi məhsulun növünü, çeşidini seçməklə yanaşı, onun keyfiyyətinə də xüsusi diqqət yetirir. Cəmiyyətin inkişafında zəncirvari, yəni bir-biri ilə əlaqəli meyillər müşahidə olunduğu üçün istehlakçılar da keyfiyyət amilinə, standartların tələblərinə xüsusi həssaslıqla yanaşırlar. Deyə bilərik ki, bu ənənə artıq formalaşıb. Müasir dövrdə keyfiyyət istehsalçıların, sahibkarların, ümumiyyətlə əhalinin ehtiyaclarının və tələblərinin  təmin edilməsində həlledici faktora çevrilib.

 
Komitə sədri əlavə edib ki, respublikanın ixrac imkanlarının genişlənməsi, yerli sənayedə rəqabətin gücləndirilməsi, ölkələrarası ticarət əlaqələrinin inkişafı istehlakçıların həyat və sağlamlıqlarının qorunmasından asılıdır:
 
 “Ona görə də biz bu sahəyə xüsusi diqqət yetirir, əhalinin keyfiyyətli məhsullarla təminatını işimizdə başlıca prinsip hesab edirik”.
 
 
SEYMUR
 




09/12/14    Çap et