Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əmək müqaviləsi ilə bağlı elektron xidmət növlərinə maraq yüksəlir


“Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti üzrə istifadə sayı cari ilin noyabr ayında 143 348 ədəd olub. Bununla da sözügedən xidmət növü “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan 20 elektron xidmət siyahısında yenə ilk yeri tutub.
 
 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təqdim etdiyi digər xidmət - “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən istifadə sayı isə 41 623 ədəd olub.  Yalnız bu iki e-xidmət üzrə cəmi istifadə sayı (184 971 ədəd) ümumilikdə 43 dövlət qurumu tərəfindən təqdim olunan 330 e-xidmət üzrə ümumi istifadə sayının (501 534 ədəd) 36,8 faizini təşkil edib.
 
Nazirlikdən qeyd edilib ki, ölkədə əmək münasibətlərinin elektron müstəvidə qeydiyyata alınmaqla şəffaflaşdırılması məqsədilə işçi və işəgötürənlər arasında bağlanan əmək müqavilələrinin, bu müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsinin müvafiq bildiriş formalarında elektron qeydiyyatdan keçirilməsi üçün ƏƏSMN tərəfindən cari ilin 1 iyulundan elektron informasiya sistemi istifadəyə verilib.
 
Hər bir əmək müqaviləsi, yaxud ona dəyişiklik edilməsi və ya xitam verilməsi bu sistemdə  qeydiyyatdan keçirildikdən sonra hüquqi qüvvəyə minir. Bu islahat tədbiri əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşməsinə, işçilərin gələcək sosial, habelə layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsasın yaradılmasına xidmət edir.
 
 
 
Həqiqət İSABALAYEVA




10/12/14    Çap et