Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milli İnternet Mükafatının nominantları seçilib


Milli İnternet Mükafatı – “Milli Net 2014” müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb. 
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, müsabiqəyə 14 nominasiya üzrə təqdim edilən 322 saytdan qaydalara uyğun olan 272 sayt qəbul edilib və səsvermədə iştirak edib.
 
Azərbaycan İnternet Forumu tərəfindən, dizayn, məzmun və texniki-texnoloji istiqamətlər üzrə formalaşdırılan 15 nəfərlik Müsabiqə Komissiyası 1-ci mərhələdə saytların qiymətləndirməsini həyata keçirib.
 
Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 272 sayt arasından ən yaxşılar olan  75 sayt nominant statusu alıb. Bu saytlar 2-ci mərhələdə mübarizəni davam etdirəcəklər.
 
Səsvermənin 2-ci mərhələsi dekabrın 10-da başlayacaq və 17-də başa çatacaq.  Bu mərhələdə münsiflər saytları  mövcud meyarlar üzrə daha dərindən araşdıraraq qiymətləndirəcək və verdikləri qiymətləri əsaslandıracaqlar.
 
Müsabiqə Komissiyası dekabrın 19-na kimi nominantlar arasından hər nominasiya üzrə qalib saytları  müəyyən edəcək.
 
Milli İnternet Mükafatının ənənəvi yekun  təqdimat mərasiminin dekabrın 19-da keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
 
Müsabiqədə 14 nominasiyanın hər biri üzrə qalib gələnlərə “Milli Net”-in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.
 
Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir. Müsabiqənin baş sponsoru “Azercell” şirkətidir. “Delta Telecom” və “BestCom” şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.
Aynur Vəliyeva




11/12/14    Çap et