Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İki texnologiya nəhəngi ortaq oldu
“IBM” korporasiyasının rəsmi saytına əsasən, “Apple” və “IBM” şirkətləri korporativ müştərilər üçün nəzərdə tutulmuş 10 birgə mobil tətbiq yaradıb. “IBM” bilavasitə proqram təminatının hazırlanmasına, “Apple” isə dizayn və mobil tətbiqdən istifadə rahatlığına cavabdehlik daşıyıb.
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, hər iki şirkətin ilk müştəriləri sırasına “Citi” və “Air Canada” kimi müştərilər daxildir.
Buraxılmış mobil tətbiqlərdən biri “Plan Flight” pilotlar üçün nəzərdə tutulub və yanacağın qənaətinə imkan verir. “Expert Tech” proqramı müxtəlif telekommunikasiya şirkətlərinin əməkdaşlarına öz marşrutlarını daha yaxşı planlaşdırmağa imkan verəcək.
Satıcılar üçün yaradılmış “Sales Assist” mobil tətbiqi alıcıların satınalma tarixçəsinə əsaslanaraq onlara daha dəqiq məsləhət verməyə imkan verir. “Incident Aware” proqramı sayəsində hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən informasiya əldə edə, kömək çağıra və cinayətin qarşısını almaq üçün başqa funksiyalar yerinə yetirə bilərlər.
Xatırladaq ki, “IBM” və “Apple” cari ilin iyulunda korporativ sahə üçün mobil tətbiqlərin birgə hazırlanması haqda razılaşıblar.
"Biz 1984-cü ildə rəqib idik. Düşünürəm ki, 2014-cü ildə bir-birini qarşılıqlı tamamlayan belə iki şirkət tapmaq çətindir. Bu, doğrudan əlamətdar hadisədir" – “Apple”ın baş direktoru Tim Kuk deyib.
Hər iki şirkət ümumilikdə “iOS” platforması ilə işləyən qurğular üçün 100-dən çox mobil tətbiq buraxmağı planlaşdırır.
Emil Hüseynov
11/12/14 Çap et