Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Proqramlaşdırmanın əsaslarının öyrənilməsi və ya öyrədilməsinə yönələn “Kod Saatı” təşəbbüsünə Azərbaycanda qoşulanların sayı artır


“Müasir iqtisadiyyatda informatika üzrə iş yerləri bu sahədə məzun olacaq tələbələrdən 3-ün 1-ə nisbətində çoxdur. Bundan başqa, informatika bu gün hər bir sənayenin təməlidir. Lakin məktəblərin 90 faizi onu tədris etmir. Biz bu vəziyyəti dəyişməyə çalışırıq”.
 
Qlobal məkanda artıq ənənə halını alan “Kod Saatı” (Hour of Code) təşəbbüsü cari ildə bu bəyanatla fəaliyyətə başlayıb.
 
“Kod Saatı” 180-dən çox ölkədən milyonlarla tələbənin iştirak etdiyi qlobal bir hərəkatdır.  Dekabrın 14-nə qədər davam edəcək bu təşəbbüsün məqsədi bütün dünyada uşaqdan böyüyə hər kəsi İnformatika Təhsili Həftəsi (Computer Science Education Week) çərçivəsində proqramlaşdırmanın əsaslarını öyrənmək və ya öyrətmək üçün bir saat ayırmağa dəvət edir.
 
Bunun üçün heç bir təcrübəyə ehtiyac olmadığını qeyd edən təşkilatçılar bildiriblər ki, istənilən yerdə və istənilən hər kəs “Kod Saatı” təşkil edə bilər. Bir saatı əhatə edən dərsliklər 30-dan artıq dilə tərcümə edilib. “Kod Saatı”nda təqdim olunan interaktiv dərsliklər sadə göstərişlərlə müşayiət olunan, əyləncəli tapşırıqlar vasitəsilə informatikanın əsas anlayışlarını öyrədir. İştirakçılar “Angry Birds” və “Plants vs. Zombies” kimi videooyunların qəhrəmanları ilə tapmacaları həll etmək üçün Bill Qeyts və Mark Zukerberqin iştirak etdiyi videomühazirələrdən kod yazmağı öyrənir. Cari ilin çağırışına əsasən təşəbbüsü dəstəkləyənlərin sayı artmaqdadır. Hazırda bütün dünyada 77,311 “Kod Saatı” tədbiri qeydiyyatdan keçirilib.
 
Azərbaycanda isə təşəbbüsə qoşulan müəssisələrin sayı 24-dür. Azərbaycan ACM Bölməsi təşəbbüs qrupunun rəhbəri Araz Yusubov sözügedən dərsliklərin tərcüməsindən söz açıb:
 
“Ölkəmizin “Kod Saatı”nda iştirakına kömək etmək üçün bu dərslikləri Azərbaycan dilinə tərcümə edirik. Ümid edirik ki, bu il Azərbaycandan təşəbbüsə daha çox şagird və məktəb qoşulacaq”. Belə ki, ötən il bütün dünyada 15 milyon şagird bu təşəbbüsə qoşulub. Builki hədəf isə bu rəqəmi 100 milyona çatdırmaqdır. A.Yusubov  prosesə qoşulmaq qaydasını da izah edib:
 
 “İştirak etmək üçün kompüter və ya mobil qurğunuzdan “http://www.hourofcode.org/” ünvanına daxil olub Azərbaycan dilini seçin. Sonra “şagird” kimi özünüzü “Kod Saatı”nda sınaya, yaxud məktəbinizdə, iş yerinizdə və ya icmanızda planlaşdırdığınız “Kod Saatı” tədbirini “müəllim” kimi qeydiyyatdan keçirə bilərsiniz”.
Qeyd edək ki, “Kod Saatı” “Code.org” tərəfindən təşkil edilir. “Code.org” informatika təhsilinin əhatə dairəsinin genişləndirilməsi, bu sahədə az təmsil olunan qadınlar və rəngli tələbələrin iştirak sayının artırılmasına xidmət edən ictimai qeyri-kommersiya təşkilatıdır. Təşkilatın fəaliyyətində başlıca məqsəd hər məktəbdə hər bir şagirdə kompüter proqramlaşdırmasını öyrənmək üçün imkan yaratmaqdır. 2013-də fəaliyyətə başladıqdan sonra, “Code.org” “Kod Saatı” təşkil edərək, milyonlarla şagirdi informatika elmi ilə tanış etdi. “Microsoft”, “Apple”, “Amazon”, “Boys and Girls Clubs of America” və “The College Board” kimi təşkilatlar bir araya gələrək, “Kod Saatı”na dəstək vermək üçün misilsiz bir birlik yaradıblar. “Code.org”-un təsisçisi və rəhbəri Hadi Partovi qeyd edir ki, təşəbbüs düşüncə tərzinin dəyişdirilməsinə yönəlib:
 
 “Kod Saatı” proqramlaşdırma barədə mifləri dağıtmağa, informatikanın “kosmik peyklər haqqında elm” olmadığını, hamının proqramlaşdırmanın əsaslarını öyrənə biləcəyini göstərməyə xidmət edir. Bu gün, texnologiya ilə dolu dünyada şagirdlərin necə baş çıxartmağı öyrənməsinin vacib olduğunu hamımızın bildiyi halda, bir çox müəllimlər informatikanın tədrisi üçün çox da təcrübəli deyillər və nədən başlayacaqlarını bilmirlər. Çində hər bir orta məktəb məzunu informatika dərsi keçir. ABŞ-da məktəblərin 90 faizində bu heç tədris olunmur. 21-ci əsrin tələbləri ilə ayaqlaşmaq vaxtı çatıb. Biz bilirik ki, gələcəkdə seçdikləri sahədən asılı olmayaraq, tibb, biznes, siyasət, hətta incəsənətdə belə informatika bilikləri şagirdlərdə özünə inam yaradacaq və gələcək uğurlarının təməlini qoyacaq”.
 
Təsisçinin sözlərinə görə, bu tədbir hər kəsə informatikanın nə olduğunu öyrənmək üçün şans verir:
 
“Biz ümid edirik ki, bu tələbələr öyrənməyə başlamaq üçün bir qığılcım verəcək. Tədqiqatlar göstərir ki, uşaqlar proqramlaşdırma anlayışlarını yazma və oxumadan daha əvvəl qavrayırlar. Faktiki olaraq, uşaqların beyni xarici dillər kimi, proqramlaşdırma dillərini də asanlıqla mənimsəyir. İndi bizim məqsədimiz 21-ci əsrin informatika təhsilinin bütün sərhədləri keçdiyini və heç bir sərhəd tanımadığını 100 milyona isbat etməkdir”
 
 
Həqiqət İSABALAYEVA




11/12/14    Çap et