Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Türkiyə və Azərbaycan mediası: Tarixi müqayisələr və ənənəvi mediadan internet mediasına keçid" mövzusunda beynəlxalq konfrans keçirilib


Bu gün Bakıda "Türkiyə və Azərbaycan mediası: Tarixi müqayisələr və ənənəvi mediadan internet mediasına keçid" mövzusunda beynəlxalq konfrans keçirilib.
 
Tədbirdə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov qloballaşan dünyada ənənəvi mediadan onlayn mediaya inteqrasiyanın çox sürətlə getdiyini vurğulayaraq deyib ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişaf etməsi, İKT infrastrukturunun yüksək səviyyədə qurulması, internet istifadəçilərinin sayının günü-gündən artması ölkədə yeni medianın çiçəklənməsinə  münbit şərait yaradıb. Onlayn jurnalistikanın getdikcə şaxələndiyini vurğulayan Ə.Amaşovun sözlərinə görə, Azərbaycan əhalisinin yarısı xəbər saytlarını özünün əsas informasiya mənbəyi kimi qəbul edir. Bir neçə ildən sonra vətəndaşların 85 faizinin  məlumatları internetdən alacağının proqnozlaşdırıldığını bildirən MŞ sədrinin sözlərinə görə, bu, onlayn medianın nə qədər böyük əhəmiyyətə malik olmasının əsas göstəricilərindən biridir:
 
 “Türkiyədə də internet mediaya maraq böyükdür. Orada da çap mediasından daha çox onlayn media oxunur. Bu tendensiya dünyanın bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində müşahidə edilir. Türkiyə və Azərbaycan da dünyanın ayrılmaz hissələridir. Hesab edirəm ki, bu keçidin mərhələ və formaları, yaranmış fəsadlar, onların aradan götürülməsi ilə bağlı birgə əməkdaşlıq etməliyik".
 
 
Konfransın keçirilməsinə diqqət çəkən Ə.Amaşov onun əsas məqsədlərindən birinin məhz Azərbaycan və Türkiyə jurnalistləri arasında münasibətləri daha da möhkəmləndirmək olduğunu diqqətə çatdırıb. MŞ-nin sədri bildirib ki, tədbirin digər məqsədlərindən biri də türkdilli ölkələrin jurnalist təşkilatları arasında əlaqələri daha da genişləndirməkdir.
 
Sonra Türkiyə səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz çıxış edərək onlayn jurnalistikanın miqyasının böyüdüyünü deyib. Onun sözlərinə görə, internet xəbərçiliyi jurnalistlərin əməkdaşlığının daha da möhkəmləndirilməsinə əlavə təkan verən amillərdəndir. İnternetin, söz və mətbuatlın azadlığından istifadə edərək qeyri-peşəkar səviyyədə hazırlanan məlumatların yayılmasının yolverilməz olduğunu deyən H.Karadeniz bildirib ki, jurnalist məlumatı necə aldığına, kimdən aldığına və hansı formada yaydığına diqqət etməlidir. Onlayn mediada xəbər yayımında Azərbaycan və türk jurnalistlərinin birgə fəaliyyətinin hər iki ölkə üçün fayda verəcəyini deyən H.Karadeniz bu istiqamətdə səylərinin artırılmasının vacibliyini qeyd edib.
 
 
Daha sonra çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, iki lider - Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən Türkiyə-Azərbaycan münasibətlərinin təməli sağlam qurulub. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın eyni hədəflər uğrunda mübarizə apardıqlarını vurğulayan şöbə müdiri qeyd edib ki, jurnalistlər də ölkələrin strategiyasına, ulu öndərlərin qoyduğu təməlin üzərində çıxış edərək maraqlarımızı bölüşməli, vahid hədəflərə doğru birgə əlaqələndirilmiş fəaliyyətlə çıxış etməlidirlər:
 
“Jurnalistlər unutmamalıdırlar ki, istənilən halda hər iki xalqın maraqlarını nəzərə almalıdırlar. Əgər bu gün jurnalistlərin fədakar əməyi olmasa, həyata keçirdiyimiz fəaliyyət insanlara çatdırıla bilməz, dəyərini tapa bilməz”.
 
Ə.Həsənov deyib ki, bir neçə il əvvəl Türkiyə-Ermənistan sərhədlərinin açılması kampaniyası başlayarkən hər iki ölkənin mediaları güclü iradə ortaya qoydu, hətta dövlət rəsmilərinə nümunə göstərdilər.
 
Azərbaycanda internetin azad və hamı üçün əlçatan olduğunu vurğulayan Ə.Həsənovun sözlərinə görə, bu, ölkədə onlayn mediaya marağın artmasına, xəbər saytlarının informasiya mənbəyi kimi qəbul edilməsinə böyük təsir edir.
 
 
Seymur Qasımbəyli




11/12/14    Çap et