Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İT təhlükəsizlik bazarı üzrə proqnoz açıqlanıb


“International Data Corporation” (IDC) tədqiqat şirkəti xüsusi konfrans keçirərək yaxın illər üçün informasiya təhlükəsizliyi (İT) bazarı üzrə proqnoz verib. Analitiklər indiki vəziyyətə aydınlıq gətirərək uzunmüddətli tendensiyalar haqqında danışıblar.
 
Mütəxəssislərin proqnozlarına görə, 2016-cı ilədək iri şirkətlərin təxminən dörddə bir hissəsi analitik təhlillər əsasında informasiya mühafizəsi məsələləri ilə bağlı qərarlar qəbul edəcəklər. Həmin vaxtadək çoxfaktorlu autentifikasiya korporativ sistemlərdən istifadəyə nəzarət üçün əsas üsula çevriləcək. Müəssisələrin 20 faizi bu texnologiyadan yüksəksəviyyəli mühafizəni tələb edən korporativ məlumatlarda istifadə edəcək.  
 
İnformasiya təhlükəsizliyi sahəsində “bulud” həllərinin populyarlığı artır. Xüsusilə bu, “Proqram təminatı xidmət kimi” (SaaS) sxemi üzrə işləyən servislərə aiddir. “IDC” mütəxəssislərinin proqnozuna əsasən, gələn ilin sonuna İT həllərinin 15 faizi "SaaS” əsasında inkişaf edəcək. 2018-ci ildə bu pay göstəricisi 33 faizədək arta bilər, şifrləmə mexanizmi vasitəsilə mühafizə olunan “bulud” texnologiyalarında saxlanılan məlumatların payı isə 2015-ci ilin sonundakı 20 faizə nisbətdə 80 faizədək yüksələcək.
 
Biometrik identifikasiya: mobil qurğular bazarına bu yeniliyi ötən il “Apple” şirkəti təqdim edib. Əksər smartfon istehsalçıları da qurğularda istifadəçini barmaq izləri üzrə müəyyən edən sensorlardan istifadəyə başlayıb. Analitiklər qeyd edirlər ki, 2015-ci ildə buraxılacaq mobil qurğuların 15 faizi biometrik texnologiyalarla təchiz ediləcək. Daha beş il sonra bu elektronikanın ümumi kütlədə sayı 80 faizə bərabər olacaq.
 
Məlumat sızması və haker hücumları ilə mübarizədə şirkətlər öz təşkilati strukturlarında insidentlərin araşdırılması üçün analitiklərdən ibarət qrupun (Threat Intelligence) formalaşdırılması praktikasını tətbiq edirlər. "IDC” mütəxəssislərinin fikrincə, 2017-ci ilədək iri müəssisələrin üçdə dörd hissəsində bu şöbələr fəaliyyət göstərəcək.
 
Sadalananlar arasında antivirus proqram təminatını da xüsusilə qeyd etmək lazımdır. Proqnozlara görə, 2015-ci ildə hər onuncu korporativ sayt və mobil əlavə müvafiq proqram təminatı ilə virus təhlükəsini müəyyənləşdirmək üçün mütəmadi skan ediləcək. 2018-ci ilədək bu tədbirlərin halların 40 faizində tətbiq ediləcəyi bildirilir.
 
Daha bir yenilik təhlükəsizliyin biznes həllərində ayrılmaz funksiyaya çevrilməsidir. Analitiklərin qiymətləndirməsinə görə, dörd ildən sonra İT sahəsinə aid əlavələrin dörddə bir hissəsini şirkətlər korporativ proqram təminatına quraşdıracaqlar, - "DailyComm” yazır.




12/12/14    Çap et