Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Axtarış-innovasiya xarakterli elmi tədqiqat layihələri növbəti ildə də icra ediləcək


Axtarış-innovasiya xarakterli elmi tədqiqat layihələri növbəti ildə də icra ediləcək. Belə ki, elmi tədqiqat proqramları, layihə və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə 2013-cü ildə elan edilmiş əsas qrant müsabiqəsindən “Fizika-riyaziyyat vә texnika elmlәri” prioritet istiqaməti üzrə 16 layihə uğurla keçib.
 
Buraya “Nanostrukturların qeyri-xətti optik xassələri və metamateriallarda faza effektləri”, “SmS və (Ni, Zn) – ferritləri əsasında funksional nanoölçülü elektron və maqnit elementləri”, “Elmi tədqiqat işlərinin kommersiyalaşdırılmasının səmərəliliyinin artırılması məqsədi ilə innovativ texnologiyaların işlənilməsi və tətbiqi”, “Bulud texnologiyalarında identifikasiya federasiyasının dinamik idarə edilməsi metodlarının işlənilməsi”, “A3B3C6 2 zəncirvari quruluşlu kristalların dielektrik relaksasiyasının tədqiqi və superion keçiriciliyinin əsasında yüksək tutumlu akkumulyatorun hazırlanmasının mümkünlüyü” layihələri daxildir. Həmçinin qaliblər sırasında “Yeni nəsil peyk verilənlərinin və informasiya texnologiyalarının inteqrasiyası əsasında torpaqların şorlaşmasının müasir vəziyyətinin xəritələşdirilməsi və spektral xüsusiyyətlərinin tədqiqi”, “Yeni yüksək məsaməli katalizator rolunu oynayan nanostruktur materialların alınması və tədqiqi”, “Dizayn, böyümə, İnAsxSb1-x yarımkeçirici lövhələr və onların əsasındakı heterostrukturların xarakteristikaları – infraqırmızı fotoelektronikanın perspektiv materialları”, “Bismut tellurid əsasında yüksək effektivlikli və mexaniki möhkəm termoelektrik materialların yaradılmasının fiziki əsaslarının işlənilməsi” və digər layihələr yer alıb. Bu prioritet sahə üzrə layihələrin maliyyələşdirilməsinə cәmi 930,000 manat yönəldilib.
 
 
Qeyd edək ki, Prezident yanında Elmin İnkişafı Fondu (EİF) tərəfindən elan edilən müsabiqə təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin, bir elmi mövzu (problem) ətrafında müvəqqəti yaradılmış yaradıcı kollektivlərin, akademik və təhsil sistemlərində fəaliyyət göstərən elmi və digər qurumların (dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və s.), fiziki şəxslərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədi daşıyır.
 
 Müsabiqəyə 177 layihə daxil olub və Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilib.  Müsabiqə qaydaları və tələblərinə cavab verməyən 11 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 166 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb.
 
Ekspertiza işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunublar.
 
Beləliklə, 2013-cü ildə elan edilmiş əsas qrant müsabiqəsi çərçivəsində 2 pilot layihə, 42  fundamental-tətbiqi xarakterli layihə və 2 xüsusi layihə olmaqla cəmi 46 qalib layihə müəyyənləşdirilib. Cari müsabiqə üzrə ümumi maliyyələşdirilmə həcmi 4 500 000 manat təşkil edib.
 
 
 
Həqiqət İSABALAYEVA




13/12/14    Çap et