Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet şirkəti İspaniyada xəbərlər xidmətini bağlayır


“Google” internet şirkəti İspaniyada növbəti ilin yanvarından qüvvəyə minəcək yeni qanunvericilik tələbləri ilə əlaqədar cari ilin dekabrın 16-dan etibarən xəbərlər xidmətinin fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib.  
 
Yeni qaydalara əsasən, İspaniyanın bütün nəşrləri öz istəyindən asılı olmayaraq “Google News” xidmətində və ona oxşar digər servislərdə yerləşdirilən məqalənin hər fraqmentinə görə ödəniş tələb etmək hüququna malik olacaq. “Google” rəhbərliyinin fikrincə, İspaniya hakimiyyətinin bu cür yanaşması qəbuledilməzdir. Çünki “Google News” resursu reklam bannerlərini yerləşdirmir və bu səbəbdən əlavə gəlir mənbələrinə malik deyil.
 
“Google News”un rəhbəri Riçard Ginqras qeyd edib ki, şirkət gələcəkdə də xəbərlər sənayesinə dəstək vermək niyyətindədir və oxucu auditoriyasının genişləndirilməsi və informasiya resurslarının gəlirlərinin artırılması məqsədilə dünyada bütün tərəfdaşları, o cümlədən İspaniya ilə əməkdaşlığı davam etdirəcək, - "SecurityLab” yazır.  




15/12/14    Çap et