Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın ən populyar proqramlaşdırma dili hansıdır?
“TIOBE software” şirkətinin ekspertləri 2014-cü ilin dekabr ayı üçün proqramlaşdırma dillərinin populyarlıq reytinqini dərc ediblər.
"ICTnews" elektron xəbər xidməti “tiobe.com” saytına istinadən bildirir ki, “TIOBE software”nin versiyasına görə, “C” dili dünyanın ən populyar proqramlaşdırma dilidir. Belə ki, müxtəlif ölkələrdən olan proqramçıların 17,588 faizi məhz bu dildən istifadə edir.
İkinci pillədə “Java” proqramlaşdırma dili qərarlaşıb: proqramçıların 14.959 faizi bu dillə işləyir. “Apple” korporasiyası tərəfindən istifadə edilən “Objective-C” kompilyasiya edilən obyekt yönümlü proqramlaşdırma dili isə üçüncü yerdə qərarlaşıb. Dünya proqramçılarının 9.130 faizi bu dildən istifadə edir.
“C++”, “C#” və “PHP” proqramlaşdırma dilləri müvafiq olaraq dördüncü, beşinci və altıncı pillədə qərarlaşıblar. “TIOBE software”nin ekspertləri qeyd ediblər ki, bir il ərzində hər üç proqramlaşdırma dilinin populyarlığı orta hesabla 1.5 faiz azalıb.
“Javascript”, “Python” və “Visual Basic.NET”, “Perl” proqramlaşdırma dilləri reytinqdə 7-10-cu pillədə bərqərar olub. Bu proqramlaşdırma dillərinin hər biri ötən bir ildə mövqeyini gücləndirib.
Emil Hüseynov
15/12/14 Çap et