Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” 15 milyon avro məbləğində cərimələnə bilər
“Google” şirkəti Hollandiyada bir neçə milyon avro məbləğində cərimələnə bilər.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Hollandiya İnformasiya Mühafizəsi Xidmətindən (Dutch Data Protection Authority, DPA) bildirilib ki, “Google”un fəaliyyətində istifadəçi məlumatlarından istifadə (məqsədli reklam üçün brauzerdə səhifəyə daxilolma tarixçəsi və olduğu yerin koordinatı) ilə əlaqədar milli qanunvericiliyin pozulması halları qeydə alınıb.
Hollandiyanın tənzimləyici orqanı “Google”dan 2015-ci il fevralın sonunadək məlumatların emalı siyasətində dəyişikliklər aparmağı tələb edib. Əks təqdirdə şirkət 15 milyon avro məbləğində cərimələnəcək.
"Bu, 2012-ci ildən davam edir və ümid edirik ki, şirkət lazımi işləri görəcək" – “Dutch DPA”-nın sədri Yakob Konstamm deyib.
Hollandiya “Google”un məxfilik siyasətinin araşdırılması ilə məşğul olmuş Avropanın altıncı dövlətidir. Bundan əvvəl İspaniya, Fransa, Almaniya, Britaniya və İtaliyada belə araşdırmalar aparılıb.
Emil Hüseynov
17/12/14 Çap et