Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa şirkətlərinin üçdə bir hissəsi işdə daşınan qurğular tətbiq edəcək


Korporativ şəbəkələrdə İT idarəetmə üçün alətlərdə ixtisaslaşan “Ipswitch” şirkəti sorğu keçirərək 2015-ci ildə Avropa şirkətlərinin üçdə bir hissəsinin iş prosesində daşınan qurğuların tətbiqini planlaşdırmasını müəyyən edib.

Lakin rəyi soruşulanların yalnız 13 faizi bildirib ki, bu elektronika növündən istifadə üzrə dəqiq fəaliyyət planına malikdir.
 
Bütün Avropa şirkətləri arasında Fransa və Almaniya şirkətləri əməkdaşların korporativ məsələlərin həlli üçün “ağıllı” saat və digər oxşar qurğulardan istifadədə daha çox maraqlıdırlar. Fransadan olan tədqiqat iştirakçılarının 34 faizi, Almaniyadan olan 33 faizi 2015-ci ildə daşınan texnologiyaları iş prosesinə inteqrasiya etmək niyyətində olduğunu qeyd edib. Britaniyanın “Ipswitch”in sorğusunda iştirak etmiş təşkilat və müəssisələrin nümayəndələrinin 25 faizi də bunu etməyi düşünür.
 
Respondentlərin 36 faizinin məlumatına görə, qulluqçular tərəfindən daşınan qurğulardan istifadə şirkətlərin fəaliyyətinə müsbət təsir göstərəcək. Alman respondentlərin 41 faizi də biznesdə bunun faydalı iqtisadi səmərə verəcəyini bildirib. Fransada bu göstərici 36, Böyük Britaniyada 33 faiz təşkil edib.
 
“ABI Research” tədqiqat şirkətinin məlumatına görə, 2014-2019-cu illərdə daşınan mini-kompüterlərin tədarük həcmi orta hesabla 56,1 faiz artacaq. Qurğulardan getdikcə daha çox şirkətlərin istifadə etməsi səbəbindən bu seqmentin həcminin 2019-cu ildə 18 milyard dollara çatacağı proqnozlaşdırılır.
 
“IDC” analitik şirkətinin proqnozuna əsasən, 2014-cü ildə daşınan qurğular bazarı üç dəfə - 19 milyon buraxılan qurğuyadək artacaq. Yaxın dörd ildə bu növ məhsulların tədarükünün illik artımı 78,4 faiz olmaqla 2018-ci ildə 111,9 milyon ədədə çatacağı gözlənilir.
 
“Forrester Research” şirkəti tərəfindən bu yaxınlarda keçirilən sorğudan məlum olub ki, şirkətlərin 68 faizi daşınan elektronika və ondan müəssisələrdə istifadə edilməsi ilə bağlı dəqiq strategiyanın hazırlanmasını vacib hesab edir.
 
Bununla əlaqədar analitiklər korporativ məsələlərin həlli üçün müxtəlif xüsusiləşmiş daşınan qurğuların yaranmasını gözləyirlər. Bu aparatlara əməkdaşların iş yerlərində təhlükəsizliyini izləməyə imkan verən qurğuları aid etmək olar, - "DailyComm” yazır.




17/12/14    Çap et