Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərbaycan Respublikasının Milli Atlası”nın elektron variantı hazırlanır
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən “Azərbaycan Respublikasının Milli Atlası”nın CIS variantı hazırlanır. Milli Atlasın bu elektron formasını ölkəmizdə yaradılacaq Milli Məkan Məlumatları İnfrastrukturunun fundamenti hesab etmək olar.
AMEA-dan bildirilib ki, atlasın CIS variantının hazırlanması DTXK sədri, akademik Qərib Məmmədovun rəhbərliyi altında həyata keçirilir. Hələlik isə ölkə prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən hazırlanmış “Azərbaycan Respublikasının Milli Atlası”nın nüsxələri AMEA prezidenti, akademik Akif Əlizadənin tapşırığı ilə akademiyanın institutlarının kitabxanalarına təqdim olunub.
Milli Atlas əhatəli elmi məlumatları ehtiva etməklə, ölkənin təbii şəraiti, əhalisi, iqtisadiyyatı, ekologiyası, tarixi, mədəniyyəti, elm və təhsili haqqında dolğun təsəvvür yaradır. 19 bölmə, 444 səhifə, 1000-ə yaxın xəritə, diaqram, cədvəl, izahedici mətn və digər məlumatlardan ibarət olan atlasın məzmunu ölkəmizin bütün əsas iqtisadiyyat və sosial-mədəni sahələrini əhatə edir. Atlas Azərbaycanın coğrafi şəraiti, relyefi, bitki örtüyü, heyvanat aləmi, tarixi, mədəniyyəti, təhsili və s. sahələrini əhatə edən unikal xəritələr toplusundan ibarətdir.
Həqiqət İSABALAYEVA
17/12/14 Çap et