Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Stenford Universiteti 100 il süni intellekti tədqiq edəcək


ABŞ-ın Stenford Universiteti aparıcı tədqiqatçıları süni intellektin cəmiyyətə və insan həyatının bütün aspektlərinə təsiri üzrə yüzillik layihənin başlanmasına dəvət edib.

"One Hundred Year Study on Artificial Intelligence" (AI100) adlı layihənin ideyası "Microsoft" korporasiyasının "Microsoft Research" bölməsində idarəedici direktor vəzifəsini tutan və Stenford Universitetinin məzunu Erik Horvitsə məxsusdur.
 
Bundan əvvəl layihə müəllifi akademik cəmiyyəti süni intellektin perspektivlərinin müzakirəsi üçün bir araya gətirib və Süni İntellektin Yaxşılaşdırılması Assosiasiyasının keçmiş prezidenti kimi 2009-cu ildə konfrans təşkil edib.
 
Hazırda isə E. Horvits biomühəndislik və kompüter elmləri üzrə professor Rass Altman ilə birlikdə süni intellektin istehsalın avtomatlaşdırılması, milli təhlükəsizlik, psixologiya, etika, hüquqşünaslıq, informasiya mühafizəsi və digər sahələrə təsiri üzrə ayrı-ayrı tədqiqatların aparılmasını koordinasiya edəcək komitə yaradıb. Təşəbbüskarlara Stenford, Harvard və digər universitetlərin beş aparıcı professoru qoşulub və nəticədə komitə üzvlərinin sayı yeddi nəfərə çatıb.
 
Proqram məqaləsində E.Horvits "AI100" layihəsinin işə salınma səbəblərini izah edərək tədqiqatların istiqamətləri barədə söhbət açır. Onlar arasında texniki yeniliklər və mümkün gözlənilməzliklər, süni intellektdən istifadənin əsas üstünlükləri, "ağıllı" kompüter dövründə məxfilik məsələləri, demokratiya və azadlıq, süni intellektin hərbi əməliyyatlarda tətbiqi, süni intellektdən cinayətkarlar tərəfindən istifadə, neyrointerfeyslər və süni intellekt üzərində nəzarətin itirilməsi halında fəaliyyət strategiyası sadalanır.
 
"Biz süni intellektin insana və cəmiyyətə təsiri haqqında yüzillik müşahidə və təhlil layihəsini istifadəyə verməyə şadıq. Ümid edirik ki, belə uzunmüddətli layihə növbəti yüzillik və ondan sonrakı dövrlər üçün mühüm anlayış və tövsiyələri təmin edəcək", - E.Horvits bildirib.
 
"AI100" layihəsinin fəaliyyəti E.Horvits və digər sponsorların vəsaiti ilə maliyyələşdiriləcək, - "Xaker" yazır.




18/12/14    Çap et