Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti Azərbaycanın ali məktəblərində yaradılan İT akademiyalarının sayını 10-a çatdırmaq niyyətindədir


“Microsoft” şirkəti Azərbaycanın ali məktəblərində yaradılan İT akademiyalarının sayını 10-a çatdırmaq niyyətindədir.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətin təhsil layihələri üzrə meneceri Emin Axundov bildirib ki, bu gün artıq “Microsoft” şirkətinin altı İT Akademiyası fəaliyyət göstərir, onlardan ikisi İqtisad və Odlar Yurdu universitetlərində açılıb, daha ikisi “Mədəd” qeyri-hökumət və Şəmkirdə yerləşən “Zəka” gənclər təşkilatında, qalan ikisi isə Bakı Neft Məktəbində və Modern Məktəbində yaradılıb. 

“Yaxın günlərdə daha bir ali məktəblə müqavilənin imzalanması nəzərdə tutulub, gələn ilin əvvəlində isə onların sayı 10-a çatdırılacaq”, - deyə o bildirib.
 
Qeyd edək ki, öncəki müsahibələrində E. Axundov Azərbaycan Diplomatik Akademiyasında, Bakı Dövlət , Qafqaz universitetlərində və Zərifə Əliyeva adına liseylərdə akademiyalar yaradılması planlaşdırıldığını bildirib.
 
Texniki təhsilin dəstəklənməsinə yönəlmiş bu proqram dərslik, tədris və tədqiqat məqsədləri üçün "Microsoft" Proqram Təminatından istifadə imkanları yaradır.

İT Akademiyasının əsas məqsədi şirkətin məhsullarına dair tədris vəsaitlərinə olan tələbatı və "Microsoft Office Spesialist", "Microsoft Certified Professional", "Microsoft Technology Associate"  ixtisasları üzrə sertifikatlaşdırılmış imtahanlara hazırlığı təmin etməkdir.


Aynur Vəliyeva
 





18/12/14    Çap et