Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Müasir texnologiyalar əsasında Azərbaycanın 16 rayonu üzrə torpaq xəritələri rəqəmsallaşdırılıb


 Dağlıq Şirvan bölgəsinə daxil olan Ağsu, İsmayıllı və Şamaxı rayonları üçün GIS texnologiyası əsasında eroziya təhlükəlilik elektron xəritələri hazırlanıb. Bu xəritələr vasitəsi ilə gələcəkdə baş verə biləcək eroziya proseslərini qabaqcadan müəyyənləşdirmək və ona qarşı mübarizə tədbirlərinin hazırlanması mümkün olacaq.
 
Eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin köməkliyi ilə AMEA-nın Eroziya və Suvarma İnstitutu (ESİ) tərəfindən müasir texnologiyalar əsasında 16 rayon üçün 1:50000 miqyasında torpaq xəritələri rəqəmsallaşdırılıb və hər bir rayon üzrə torpağın tipi, yarımtipi, eroziya təhlükəsizliyi, eroziyanın növü və s. məlumatlar bazası hazırlanıb. Bu barədə ESİ-də AMEA-nın Aqrar Elmlər Bölməsinin Bürosu ilə birgə keçirilən Elmi Şuranın növbəti iclasında məlumat verilib. İnstitutdan qeyd olunub ki, ESİ-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru  Seymur Səfərli beynəlxalq əlaqələrdə də mühüm işlər görüldüyünü vurğulayıb:
 
“Rusiya Federasiyasının “Raduqa” Elmi Tədqiqat İnstitutu, Belarus Respublikasının Meliorasiya İnstitutu və Polşa Respublikasının Texnoloji-Təbiətdən İstifadə İnstitutu ilə  müqavilələr imzalanıb və gələcəkdə birgə işlər aparılması planlaşdırılır”.
 
 
Həqiqət İSABALAYEVA




18/12/14    Çap et