Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvanın təhsil müəssisələrində 600-ə yaxın elektron lövhə quraşdırılıb


Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri 3500-dən çox kompüterlə təmin edilib, onların 84 faizi internetə qoşulub, 600-ə yaxın elektron lövhə quraşdırılıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri Naxçıvan Dövlət Universitetində “Tədris prosesinin təkmilləşdirilməsi və müasir təhsil konsepsiyaları” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov səsləndirib.
 
R.Məmmədov həmçinin qeyd edib ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində distant təhsil mərkəzi yaradılıb, bu kateqoriyadan olan 19 uşaq kompüter, məktəbli geyim və ləvazimatları ilə təmin olunub.  
 
Şöbə müdirinin sözlərinə görə, muxtar respublikada elektron təhsilin tətbiqi, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılması, tədrisin əyaniliyi və səmərəliliyinin artırılması məqsədilə Ali Məclisin Sədri “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli sərəncam imzalayıb. Bu sərəncama əsasən, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr yaradılır ki, bu da şagirdlərin biliklərinin və milli-mənəvi irsimizə marağının artırılmasında mühüm rol oynayır.      
 
CAHANGİR




19/12/14    Çap et