Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin “Müasir dünyanın çağırışları və Azərbaycan elminin prioritetləri” mövzusunda MƏRUZƏSİ


 Hörmətli Qurultay iştirakçıları!
Əziz qonaqlar!
 
Sizin hamınızı bu mötəbər məclisdə salamlamaqdan böyük qürur hissi duyuram. Eyni zamanda inanıram ki, bu qurultayımız akademik universitetlər və tətbiqi yönümlü institutlar arasında əməkdaşlığın yeni mərhələsinin başlanması deməkdir.
 
Müxtəlif xarici ölkələrdən qurultayımıza qatılan azərbaycanlı alimlərin nüfuzlu araşdırmalar mərkəzində çalışmaları ümid verir ki, Azərbaycanın elmi diasporu bizim çiynimizə düşən yükün bir hissəsini öz üzərinə götürəcək və gənc kadrların hazırlanmasına inamla qatılacaqdır.
 
Bizim ali məclisimizdə Azərbaycanın təhsil naziri və ölkə universitetləri rektorlarının iştirakı onu göstərir ki, alimlər qarşısındakı problemlər məhz birgə səylərimiz nəticəsində öz həllini tapa bilər. İnformasiya cəmiyyətinin bərqərar olduğu bir vaxtda, biliklərə əsaslanan iqtisadiyyatın tələbləri elmin cəmiyyətdə yeni rolunu müəyyən edir. Şadam ki, elmimizin sabahı naminə rabitə və informasiya texnologiyaları naziri və həmin nazirliyin müvafiq qurumları bu gün bizimlə birlikdədirlər.
 
Elmin inkişaf tarixi göstərir ki, bizim bütün uğurlarımız və nailiyyətlərimiz şəxsiyyət fenomeni ilə bağlıdır. İstedadlı, kreativ, parlaq zəkaya malik şəxsiyyət olmadığı yerdə nə elmi məktəbdən, nə elmi mərkəzdən, nə elmin inkişafından danışmaq mümkün deyil.
 
Milli birliyin, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməmizin əsasında da bir çox elmi faktorlar durur. Xalqımızın tarixini, qədim ənənələrini, zəngin mədəni irsini qoruyub saxlamaq üçün, onları gələcək nəsillərə ərməğan kimi çatdırmağa qadir olmaq üçün humanitar elmlərin bütün spektrləri geniş vüsət almalıdır. Ölkəmizin təbii sərvətləri öyrənilmədən, elmə əsaslanan yeni texnologiyalar tətbiq olunmadan nə ekoloji təhlükəsizlik baxımından kənd təsərrüfatı inkişaf edə bilər, nə də, bütövlükdə dövrün ekoloji çağırışlarına adekvat cavab verilə bilər.
 
İnsan kapitalına daxil olan bütün faktorlar, o cümlədən əhalinin sağlamlığı yeni texnologiyalardan və elmi yanaşmalardan asılıdır. Hamımıza yaxşı bəllidir ki, həm orta, həm də ali təhsil möhkəm elmi bazaya söykənmədən, elmlə həmahəng inkişaf etmədən səmərəli fəaliyyət göstərə bilməz.
 
Nəhayət, sadə məişət problemlərindən tutmuş ümumbəşəri məsələlərə qədər həyatımızın bütün sahələri bu və ya digər yolla elmlə bağlıdır. Milli maraqlarımızın qorunması, insanların həyat tərzi, yaşayış səviyyəsinin yaxşılaşdırılması və ümumiyyətlə ölkənin innovativ inkişafı fundamental və tətbiqi elmin inkişafı ilə bağlıdır.
 
2015-ci ildə Elmlər Akademiyası özünün 70 illiyini qeyd edəcək. Fürsətdən istifadə edərək bu ali məclis kürsüsündən ölkə Prezidentinə bu yubileylə bağlı qəbul etdiyi müvafiq sərəncama görə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Sözsüz ki, Azərbaycan elminin tarixi heç də bu 70 illə məhdudlaşmır. Elmimizin tarixi çox qədimdir və biz böyük fəxarət hissi ilə qeyd edə bilərik ki, bir çox sahələrdə Azərbaycan alimləri öz sözlərini deməyə həmişə qadir olmuşlar.
 
Biz nə qədər keçmişimizlə fəxr etsək də, açıq etiraf etmək lazımdır ki, bütün postsovet məkanında elm dərin böhrandan hələ ki çıxa bilməyib. Təəssüflər olsun ki, ölkəmizin qazandığı böyük nailiyyətlərdə elmimizin xüsusi çəkisi hələ də lazımi səviyyədə deyil. Bizim Milli Elmlər Akademiyası da islahatlara başlayaraq hələ qarşımızda qoyulan hədəfləri qət edə bilməyib. Elmin müasir infrastrukturunun yaradılması, irimiqyaslı layihələrin gerçəkləşdirilməsi, elmi araşdırmaların yeni maliyyələşmə mexanizmləri hələ də müzakirələr səviyyəsindən konkret praktiki müstəviyə keçirilə bilməyib.
 
Akademik elmin bu gün ən böyük problemi onun sürətlə qocalması və gənc yüksəkixtisaslı kadrların qıtlığıdır. Bizə lazım olan mütəxəssisi biz artıq orta məktəb səviyyəsində itiririk, çünki gənclərin böyük qismi peşə seçimi problemi ilə rastlaşanda heç də öz gələcəyini elmlə və elmi fəaliyyətlə bağlamır. Bütün bu adı çəkilən və adı çəkilməyən, amma hamımıza yaxşı məlum olan problemlərin həlli üçün biz gərək səylərimizi birləşdirərək ümumi strategiyanın və fəaliyyət proqramının formalaşmasına nail olaq.
 
Hər bir Azərbaycan aliminin əldə etdiyi nailiyyət tək onun şəxsi nailiyyəti deyil, onun qazandığı uğurla dövlət də, cəmiyyət də, millət də fəxr edir.
Açıq etiraf eləmək lazımdır ki, bizdə hələ də elm və iqtisadiyyat ayrı-ayrı məkanlarda cərəyan edən proseslər olaraq qalır. Biliklərə əsaslanan iqtisadiyyatı yaratmaq üçün tək dövlət yox, həm də müxtəlif biznes strukturları yeni biliklərin əldə olunması işinə dəstək və kömək göstərməlidirlər.
 
Elmin bugünkü problemlərinin həlli üçün biz, sözsüz ki, üzümüzü orta məktəbə tutmalıyıq. Aydındır ki, məktəb də islahat prosesindədir. orta məktəb müəllimləri bəlkə də hamıdan gözəl başa düşürlər ki, bu informasiya məkanında uşaqları düzgün təhsilləndirmək üçün onlara ilk növbədə hansı isə biliklər toplusunun yox, həyat boyu maariflənmək və təhsilinin səviyyəsini artırmaq qabiliyyətini aşılamaq lazımdır.
 
Bugünkü təhsilimizdə yeni innovasiya tutumlu texnologiyalara ehtiyac duyulur. Virtual məkandakı təhsil interaktivliyin tamamilə yeni səviyyəsini bərqərar etməyə imkan verir, biliklərə yiyələnmə prosesini olduqca maraqlı edir. Yalnız yeniləşən məktəb Azərbaycan elminin inkişafı üçün hava-su kimi lazım olan şəxsiyyəti formalaşdıra bilər. Lakin faktlar göstərir ki, şagirdlər arasında iqtisadi və humanitar elmlərə maraq artır, fizikaya, riyaziyyata və təbiət elmlərinə maraq gündən-günə azalır. Sözsüz ki, bu üçlük: orta məktəb – universitet – Elmlər Akademiyası öz fəaliyyətini elə qurmalıdır ki, gələcək alimi biz 7-ci – 8-ci sinifdə aşkar edib, onunla işləməyə başlasın. Yalnız belə olan halda biz bugünkü mənfi tendensiyaları sındırıb yeni istedadlı nəslin elmə gəlməsini təmin edə bilərik.
 
Bu gün Azərbaycan elminin maliyyələşməsi həm də qrant yolu ilə həyata keçirilir. Aktiv işləyən elmi qrupların dəstəklənməsinə yönəlmiş qrant sistemi, sözsüz ki, müasir tələblərə uyğur olaraq təkmilləşməli və bunların kifayət qədər böyük hissəsi gənc alimlərin formalaşmasına yönəldilməlidir. Biz həm tələbələrə, həm ilk elmi dərəcəni almaq üçün çalışan gənc alimlərə, həm də artıq elmi dərəcəsi olan gənc kadrlara müstəqil elmi araşdırmalar üçün imkanlar yaratmalıyıq.
 
Bəzi hallarda Respublikanın qanunvericilik bazası elmi fəaliyyət üçün lazım olmayan əngəllər yaradır. Misal üçün, eksperimental işlərin aparılması hansı isə cihaz və avadanlıqların qısa zaman kəsiyində alınmasını tələb edir. Dövlət alqı-satqı sistemi və tender mexanizmlərinin mövcudluğu bizi bəzən gülünc vəziyyətə qoyur. Məncə, burda tamamilə başqa nəzarət mexanizmləri işlənib hazırlanmasıdır. Əks halda effektiv elmi işdən söhbət belə gedə bilməz.
 
Hamınıza məlum olduğu kimi, dünya miqyasında hazırkı sürətli inkişafın nəticəsi olaraq insan fəaliyyətinin bütün sahələrində intensiv, eyni zamanda, ziddiyyətli proseslər gedir. Xüsusən də informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində sürətlə qloballaşan və virtuallaşan dünya xeyli sayda problemlərlə üzləşir. Alimlərin rəyinə görə, indi həm ekosistem, həm də sosiosistem əvvəlki dövrlərdən fərqli olaraq, yeni mərhələyə qədəm qoymuşdur. Belə ki, müasir dünya dini, ideoloji və milli münaqişələrin doğurduğu müharibələr, siyasi çaxnaşmalar, iqtisadi böhranlar, – bir sözlə, total sosial xaos, təbii fəlakətlər və kəskin ekoloji problemlər kimi kataklizmlərlə xarakterizə olunur.
 
Bildiyiniz kimi, 2000-ci ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Minilliyin Bəyannaməsi qəbul edildi. Dinindən, dilindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün bəşəriyyəti narahat edən ekoloji tarazlığın qorunması, xəstəliklərin aradan qaldırılması, inkişaf üçün qlobal tərəfdaşlıq və bu kimi vacib qlobal məqsədlər qoyulmuş idi.
 
 
Bu baxımdan, Avropa Birliyinin yeni araşdırma və çərçivə proqramı olan "Horizon – 2020"-nin çağırışlarını da xatırlatmaq istəyirəm. Bu çağırışlar onu göstərir ki, əvvəlki dövrlərdən fərqli olaraq dünyanın elm mərkəzlərinin, alimlərin birləşməsinə daha böyük ehtiyac vardır. Ölkələrarası əlaqələrin sürətli inkişafı, bütövlükdə qlobal problemlərin mövcudluğu və elmlərarası inteqrasiyanın getdikcə daha geniş miqyas alması alimlərin birgə fəaliyyətini zəruri edir.
 
 
Bu nöqteyi-nəzərdən Azərbaycan alimlərinin də üzərinə böyük vəzifələr düşür. Biz Azərbaycan elminin müasir mərhələdə vəzifələrini, bir tərəfdən dünyanın qlobal çağırışları, digər tərəfdən ən böyük milli sərvətimiz olan müstəqil Azərbaycan dövlətinin milli maraqları baxımından müəyyənləşdirməliyik.
 
 
Respublika Prezidenti cənab İlham Əliyev bəyan etmişdir ki, regionun siyasi-iqtisadi və mədəni mərkəzi olan Azərbaycan yaxın gələcəkdə həm də bölgənin elm mərkəzinə çevrilməlidir. Cənab Prezidentin bu fikirləri dünyada gedən qlobal prosesləri nəzərə almaqla Azərbaycan elminin strateji inkişaf xəttini, hədəflərini müəyyənləşdirən bir çağırışdır.
 
 
 Bu baxımdan Azərbaycan elmi bəzi obyektiv və subyektiv problemlərlə xarakterizə olunan mərhələni arxada qoyaraq islahatlarla müşayiət olunan yeni inkişaf yoluna qədəm qoymuşdur. Təqdirəlayiq haldır ki, Azərbaycan elmində müşayiət olunan müsbət tendensiyalar nüfuzlu beynəlxalq reytinqlərdə əks olunan konkret rəqəmlərlə təsdiq olunur. Belə ki, nüfuzlu beynəlxalq informasiya bazalarından biri olan SCOPUS-un rəsmi hesabatına görə, 2012-ci illə müqayisədə 2013-cü ildə Azərbaycan alimlərinin beynəlxalq əməkdaşlıq fəaliyyətində nəzərə çarpan irəliləyiş müşahidə olunur. Başqa sözlə, Azərbaycan alimlərinin çap olunmuş elmi əsərlərin ümumi sayında xarici alimlərlə birgə dərc etdirdiyi elmi əsərlərin payı 39.82 %-dən 45.34%-ə yüksəlmişdir. Bu isə bir il ərzində 5,52 % artım deməkdir. Tədqiqat göstəricilərinə görə də, AMEA-nın mövqeyi 2012-ci illə müqayisədə 2013-cü ildə 66 pillə, 2014-cü ildə isə 169 pillə yüksəlmişdir.
 
 
Hazırda biliklər iqtisadiyyatının qurulması baxımından strateji əhəmiyyətli innovativ fəaliyyət sahələrində də bəzi uğurlarımız vardır. Belə ki, İnnovasiya göstəricisinə görə 2012-ci illə müqayisədə AMEA-nın mövqeyi 2013-cü ildə 84 pillə, 2014-cü ildə isə 180 pillə müsbətə doğru dəyişmişdir.
 
 
Yaxşı bilirsiniz ki, Azərbaycan elminin, o cümlədən Elmlər Akademiyasının inkişafının böyük bir mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Belə ki, ötən əsrin 70-80-ci illərində elmimizin uğurları bilavasitə məhz Ulu öndərin rəhbərliyi ilə dövlətin elmə müstəsna qayğısının nəticəsi idi.
 
 
Həmin illərdə Azərbaycan elminin nailiyyətlərinin istehsalata tətbiqi üçün də olduqca əlverişli mühit formalaşdırılmışdı. Bir tərəfdən elmin inkişafı üçün lazımi tədbirlər həyata keçirilirdi, digər tərəfdən sənayeləşmə üçün mühüm olan yüksək texnologiyalara əsaslanan bir sıra strateji zavodlar və müəssisələr inşa edilirdi. Yüksək ixtisaslı kadrların hazırlanması üçün azərbaycanlı gənclər ölkədən kənara, keçmiş Sovet İttifaqının digər şəhərlərində fəaliyyət göstərən universitetlərə, elmi mərkəzlərə göndərildi. Elmlər Akademiyasında bir sıra yeni elmi qurumlar, elm və istehsalat arasında innovativ körpü funksiyasını daşıyan xüsusi konstruktor büroları yaradılmışdı.
 
 
Sonrakı mərhələdə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə fundamental elm sistemində başlanılmış islahatlar onun ləyaqətli varisi cənab İlham Əliyev tərəfindən inkişaf etdirildi, "neft kapitalının insan kapitalına çevrilməsi" istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başlandı. Milli sərvətimizin tükənməz hissəsi olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
 
 
Möhtərəm Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qəbul etdiyi çoxsaylı qərarlar sırasında "2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya", "Azərbaycan – 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası qəbul edildi, intellektual inkişaf modeli əsaslandırıldı və biliklər cəmiyyətinin qurulması ölkəmizin əsas strateji inkişaf xətti kimi bəyan edildi.
 
 
Bu qərarlar ölkədə digər sahələrlə yanaşı, Azərbaycan elmi qarşısında da mühüm vəzifələr qoydu. Həmin vəzifələrin icrası ilə bağlı Azərbaycan alimləri öz qüvvələrini səfərbər edərək, strateji kursa müvafiq Azərbaycan Milli Elmlər Akademiyası – 2020 inkişaf konsepsiyasını işləyib hazırlamışlar. Konsepsiya baxımından Azərbaycan alimlərinin qarşısında duran əsas vəzifə – ölkənin elmi-texniki, innovativ inkişafının müasir, fəal sisteminin, eləcə də vətəndaş cəmiyyətinin və mədəniyyətin vacib ünsürü olan sosial-iqtisadi dəyişikliklərin elmi əsaslarının yaradılmasıdır.
 
 
Misal olaraq Azərbaycanda neft elmi, neft kimyası, nanotexnologiyalar və başqa sahələrdəki elmlərin inkişaf proqramının hazırlanmasını göstərmək mümkündür. Fizika, riyaziyyat və digər təbiət elmləri kainatın dərki, təbiətdə maddənin quruluş və transformasiyası problemlərini həll etməklə yanaşı, indi həm də bizim gələcək innovativ texnologiyalarımızın möhkəm bazisinə çevrilmişdir. Bütün dünyada müasir həyatın görünüşünü və maddi əsasını müəyyən edən energetika, mexanika, informatika praktiki olaraq bu sahələrdə elmi tədqiqatların hərtərəfli dəstəklənməsinin zəruriliyini diktə edir.
 
 
Bilirsiniz ki, XXI əsrdə cəmiyyətin ən böyük marağı bioloji və tibb elmlərinin inkişafı ilə bağlıdır. Alimlərin qarşısında duran vəzifə də canlı maddənin təbiəti və xüsusiyyətləri haqqındakı fundamental biliklərin genişləndirilməsindən, tibb elminin, biomedisinanın, farmasevtikanın, genetikanın, aqrar sahənin, həmçinin ekoloji təhlükəsizlik və təbiətdən istifadənin inkişaf etdirilməsindən ibarətdir.
 
 
Bu gün Azərbaycanın dəfələrlə artmış iqtisadi potensialı və regiondakı lider mövqeyi ölkənin elmi müəssisə və mərkəzlərində aparılan gerontoloji tədqiqatların miqyas və səviyyəsinə yenidən nəzər salmaq lazımdır. Zənnimizcə, bu gün həmin tədqiqatları müasir beynəlxalq praktikaya və biotexnologiyalar sahəsində ən yeni innovasiya meyllərinə uyğunlaşdırmaq mümkündür. İstər uzunömürlülərin populyasiyalarının epidemioloji araşdırmalarına, istərsə də qocalmanın biomarkerlərinin tətbiqi ilə eksperimental modellərə əsaslanan qocalma mexanizmlərinin öyrənilməsi üzrə biotəbabət tədqiqatları gerontoloji araşdırmaların prioritetlərindən birinə çevrilməlidir.
 
 
Genom və postgenom texnologiyalarının, dərman nanonəqlinin, kimya nanomateriallarının tədqiqi fiziklərin, kimyaçıların, bioloqların və riyaziyyatçıların qüvvələrinin birləşdirilməsini, deyərdim, hətta tələb edir.
Azərbaycanda yer haqqında elmlər sahəsində aparılan fundamental tədqiqatlar neft elminin gələcək inkişafı, geoloji kəşfiyyat və faydalı qazıntıların axtarılması ilə bağlı müasir problemlərin həllini qarşıya məqsəd qoyur.
 
 
Bu gün humanitar sahənin elmləri həyatın stabilliyi və müasir cəmiyyətin prioritetlərinin müəyyən olunmasını davam etdirirlər. Ölkənin milli təhlükəsizliyi məsələlərinin həlli Azərbaycan alimlərinin bu istiqamətdə fəaliyyətini xüsusilə məsuliyyətli edir. Bizə belə gəlir ki, bütün sadalanan elm sahələrində bizim tədqiqatlarımız fənlərarası araşdırmaların təşkili və Elmlər Akademiyasının bütün bölmələrinin qarşılıqlı əməkdaşlığı şəraitində aparılmalıdır.
 
 
Sürətlə qloballaşan müasir dünyada hamımızın gözü qarşısında müxtəlif mədəniyyətlərin sintezindən multikultural mühit formalaşır. Multikulturalizm dünya xalqlarının mədəniyyətlərinin qorunmasına və onların bərabərhüquqlu dialoq əsasında qarşılıqlı təsir və zənginləşməsinə imkan verən mütərəqqi bir konsepsiyadır. Bu konsepsiya Azərbaycanda da dövlət siyasəti səviyyəsində dəstəklənir. Çünki tarixən müxtəlif mədəniyyətlər Azərbaycanda birgə mövcud olmuşdur. Qədim "İpək yolu"nun üzərində, Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan keçmişdə olduğu kimi, bu gün də Şərq və Qərb mədəniyyətlərinin humanist dəyərlərini birgə yaşatmaqdadır. Bu dəyərlərin qorunub saxlanılması və inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindəndir. Belə bir vəziyyətdə Azərbaycan elminin, xüsusən də humanitar və ictimai elmlərin qarşısında duran əsas vəzifələrdən biri, bu qlobal tendensiyaların nəzərə alınması şərtilə, multikulturalizm konsepsiyasının tədqiqində, ölkənin milli inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak etməkdir.
 
 
Son illər Akademiyada beynəlxalq əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənmiş, xarici ölkələrin akademik qurumları və beynəlxalq təşkilatlarla münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Beynəlxalq əməkdaşlığın inkişafı sahəsində xeyli sayda ikitərəfli sazişlər, memorandumlar imzalanmışdır.
 
 
Xüsusi ilə qeyd etmək istərdim ki, Avropa Birliyinin tədqiqat və innovasiya üzrə 7 illik çərçivə proqramı olan "Horizon – 2020" çərçivəsində AMEA-nın elmi müəssisələrində aktiv fəaliyyət müşahidə olunur. Büdcəsi 80 milyard avrodan artıq olan bu proqramda fəal iştirakı təmin etmək məqsədilə 16 prioritet istiqamət üzrə milli əlaqələndirici alimlər təyin edilmiş, bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
 
 
Akademiyanın bir sıra elmi müəssisələri beynəlxalq qrant layihələrinin iştirakçısı olmuşlar. Bu istiqamətdə səmərəli əməkdaşlığın nəticəsi olaraq, son zamanlar ABŞ, Almaniya, İtaliyanın nüfuzlu elmi mərkəzləri ilə müxtəlif elm sahələri üzrə şərikli beynəlxalq laboratoriyaların yaranmasına nail olmuşuq. Güman edirəm ki, Azərbaycan alimləri hər şeydən öncə, ölkə və dünya üçün ən aktual elmi istiqamətlərdə Azərbaycanda analoqu olmayan xarici eksperimental qurğulardan da istifadə etməklə birgə tədqiqatların təşkilində və aparılmasında fəal iştirak etməlidirlər (meqaproyektlər adlanan layihələrdə).
 
 
Bu gün elmimiz üçün bu yöndə əlamətdar örnəklər kimi fiziklərin CERN-də, geoloq və geofiziklərin MIT-də iştirakını və başqa iri Avropa layihələrini göstərə bilərik. Azərbaycan institutlarının beynəlxalq layihələrdə iştirakı alimlərimiz üçün ən müasir, unikal qurğu və cihazlarla işləməyə yol açır. Bununla yanaşı, Azərbaycan özü də unikal qurğular və təbii fenomenlər təklif edə bilər ki, bunların əsasında beynəlxalq tədqiqat mərkəzləri yaratmaq mümkündür. Bununla bağlı olaraq Azərbaycanın aparıcı elmi müəssisələrini iri beynəlxalq proyekt və proqramların həyata keçirilməsi mərkəzlərinə çevirmək və elmi mübadilə çərçivəsində xarici alimləri tədqiqatlara cəlb etmək olduqca vacibdir. Ancaq bu cür yanaşma müvafiq aktların müasir hüquqi bazasının yaradılmasını gündəmə gətirir.
 
 
Elm haqqında qanunda nəzərdə tutulmalıdır ki, tədqiqatların nəticələrindən istifadə edərək gəlir götürən istənilən müəssisə bu gəlirlərin bir hissəsini sonrakı vergidən azad olunmaqla elmin dəstəklənməsinə yönəltməlidir. Beləliklə, bir tərəfdən biz elmin inkişafını stimullaşdırmalı, digər tərəfdən isə elmi işçilərə əmək haqqı verməliyik. Avropada və bir çox inkişaf etmiş ölkələrdə məhz belə bir yanaşma mövcuddur və biz bu təcrübədən istifadə edə bilərik. Çoxsaylı layihələrin və qrantların Azərbaycana milyonlarla dollar gətirdiyini nəzərə alsaq, deyə bilərik ki, alimlərimizin nüfuzu yüksək qiymətləndirilir. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası müxtəlif Amerika və Avropa təşkilatlarından 140-dan çox qrant alıb. Bu gün xaricdə işləyən və Azərbaycan elmini təmsil edən görkəmli alim və mütəxəssislərimizi Elmlər Akademiyasının işinə daha cəsarətlə cəlb etmək lazımdır. Düşünürəm ki, tanınmış xarici alimlərin müvafiq hüquqi əsasla Elmlər Akademiyasına işə dəvət olunmasına qanuni icazə olmalıdır. Onların Azərbaycanın elmi laboratoriyalarında tədqiqatlarda iştirakı elmi nəticələrə kifayət qədər müsbət təsir göstərə bilər.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna bir təklifim var. Fikrimizcə, "İlin ən yaxşı alimi" adlı qrantın təsis edilməsi də məqsədəuyğundur. Bu qrant bizim aparıcı alimlərə imkan verər ki, həm daha yaxşı işləsinlər, həm də Qərbin nüfuzlu elmi mərkəzlərində və universitetlərində ixtisaslarını artıra bilsinlər.
 
 
Qurultayda xarici ölkələrin elm mərkəzləri və universitetlərində çalışan, yəni Azərbaycan elmi diasporunu təşkil edən soydaşlarımız da iştirak edirlər. Bizdə olan məlumata görə, ümumiyyətlə, xaricdə 500-dən artıq azərbaycanlı alim çalışır. Bu, böyük qüvvədir. Həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda fəaliyyət göstərən alimlər dövlətimizin, xalqımızın maraqları, onun intellektual potensialının inkişafı naminə öz qüvvələrini səfərbər etməlidirlər.
 
 
Azərbaycanda çalışan 5000-dən artıq gənc alim və mütəxəssisin də üzərinə məsul vəzifələr düşür. Bu baxımdan gəncliyin müasir tələblərə cavab verən yüksəkixtisaslı kadr kimi yetişdirilməsi Azərbaycan elmi qarşısındakı əsas vəzifələrdəndir. Məhz belə bir zərurət nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" 9 fevral 2010-cu il tarixli Sərəncam imzalanmış və dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına AMEA institutlarında fəaliyyət göstərən istedadlı gənc alimlər Fransa, Almaniya, Belçika, İsveçrə və s. kimi inkişaf etmiş ölkələrin müvafiq elmi mərkəzlərində təcrübə keçmişlər.
 
 
Eyni zamanda, Azərbaycan elmində, o cümlədən Akademiyada mühüm problemlərdən biri də gənc mütəxəssislərin elmə cəlb edilməsidir. Özəl sektorda əmək haqqı yüksək olduğundun fəal gənclər elmdən daha çox ora meyl edirlər. Buna görə də gənclərin elmə axınını gücləndirmək üçün institutlarda imkanlar yaradılmalıdır ki, onlar əlavə maddi dəstək əldə edə bilsinlər. Gənc mütəxəssisin elmdə qalmaq qərarına təsir edən əsas səbəblər sırasında yeniliyin axtarışına maraq, aparılan tədqiqatların perspektivliyi, işlədiyi elmi kollektivin mənəvi ab-havası, müasir avadanlıqla təchiz edilməsi, beynəlxalq əməkdaşlıq imkanlarının olması durur. Bir sözlə, istər Azərbaycan Elmlər Akademiyasında, istərsə də respublikanın başqa elmi tədqiqat qurumlarında gənclər siyasəti elmi kollektivlərdə ciddi şəkildə müzakirə edilməli və bunun əsasında həm Akademiyaya, həm də bütövlükdə elmə gənc alimlərin cəlb edilməsi siyasətinin başlıca prinsipləri hazırlanmalıdır.
 
 
Elm və təhsilin inteqrasiyası təşəbbüslərinin elm tarixində bir çox müsbət xarakterli nümunələri vardır. Məlum olduğu kimi, bu cür sistem 1957-ci ildə SSRİ Elmlər Akademiyasının Sibir Bölməsində uğurla həyata keçirilmişdi. Burada ən yaxşı elmi kadrlar həm də dərs deməli idilər. İndi də tələbələr Akademiyanın laboratoriyalarında həvəslə təhsil alırlar. Gələcək alimlərin seçimi praktiki olaraq hələ məktəbdə "olimpiadalar sistemində" başlanır. Üçüncü kursdan tələbələr institutların elmi laboratoriyalarında işləməyə başlayırlar. Burada bir qayda olaraq, görkəmli alim, akademik M.A.Lavrentyevin "Yaşlı nəsil alimləri ilə gənclərin ahəngi zəruridir" prinsipi nəzərə alınır. Bu prinsipə görə, elmi müəssisənin əsas kütləsini gənclər – tələbələr, magistrantlar və doktorantlar təşkil etməlidir. Bu gün təkcə Novosibirsk Dövlət Universitetində və REA Sibir Bölməsində 78, bütövlükdə Sibir regionunun universitetlərində isə 179 baza kafedrası fəaliyyət göstərir. Güman edirəm ki, bizə yalnız bir seçim qalır – elmin və təhsilin bu cür inteqrasiyası yolunda cəsarətlə addımlamaq.
 
 
Eyni zamanda, bu ideyanın reallaşma təcrübəsi göstərir ki, məsələnin müsbət həlli bir sıra çətinliklərlə qarşılaşır. Ona görə də imkanların genişlənməsi və gənc elmi kadrların AMEA sisteminə cəlb edilməsi məqsədilə elm və təhsilin inteqrasiyası haqqında ümumi danışıqlar aparılmamalı, Akademiya müəssisələrində respublika ali məktəblərinin baza kafedralarının yaradılması məsələsi qanunvericilik aktları çərçivəsində həllini tapmalıdır. Həmçinin tədqiqat prosesində baza kafedralarında iştirak edən tələbələrin maliyyə dəstəyini hüquqi olaraq müəyyən etmək lazımdır. Nəhayət, tələbə-tədqiqatçının AMEA-nın müvafiq institutunda ən azı üç il ərzində işləməsi haqqında müqavilə münasibətlərini qanun yolu ilə təsdiqləmək vacibdir. Düşünürəm ki, bunlar yalnız ilk addımlar ola bilər. Bu təkliflərə əlavələr də edilə bilər. Amma zaman sürətlə ötür, nədənsə başlamaq lazımdır.
 
 
Bu gün dinamik inkişaf edən dünyada müasir biliklər tədris olunmasa, böyük ehtiyac duyduğumuz ali təhsilli mütəxəssislər yetişdirmək mümkün deyildir. Ancaq bugünkü tələbələr bəzi hallarda müəyyən qədər köhnəlmiş metodikalarla qarşılaşanda istər təbiət, istərsə də humanitar elmlərə geniş planda lazımi diqqət göstərmirlər. Halbuki informasiya texnologiyaları sahəsində çoxlu məlumat almaq imkanına malik hazırkı abituriyentlər elm və texnologiyalardakı yeniliklərə uyğunlaşmağa, onlardan istifadəyə sürətlə vərdiş edə bilərlər. Bugünkü tələbələr müxtəlif bilik sahələrində informasiya əldə etmək imkanı verən yeni informasiya texnologiyalarından istifadə edirlər. Müasir cəmiyyətin informasiya yenilikləri ilə daha çox maraqlanan gəncliyi hər hansı optimallaşma alqoritmləri və ya ideal qazın entropiyası haqqında düşünmək marağında deyil. Qarşımıza həmişəki sual çıxır – nə etməli?
 
 
Bu gün hiss olunur ki, təhsil proqramları müasir tələblərə tam cavab vermir. Tələbələrin biliyini intensiv artırmaq üçün yeni texnologiyaların tədrisinə böyük ehtiyac yaranmışdır. Bu cür proqramlar elmlə təhsil arasında əlaqələndirici körpü rolunu oynaya bilər.
 
 
Hesab edirik ki, tədris proqramlarında başlıca dəyişikliklər etmək üçün, ilkin olaraq, müzakirələr təşkil edilməli, təkliflər irəli sürülməlidir. Müzakirələr potensial tələbələrin yaradıcılıq qabiliyyətlərini aşkarlamaq, innovasiyanın imkanlarını təhsildə tətbiq etmək və dərs proqramlarını qismən müasirləşdirmək məqsədi ilə aparılmalıdır.
 
 
Minnətdarlıq hissi ilə qeyd etmək istərdim ki, belə tədbirlərdən biri kimi ölkə rəhbərliyinin dəstəyi ilə Akademiyada magistratura təhsilinin təşkilinə artıq start verilmişdir. Hesab edirəm ki, bu, ölkəmizdə elmlə təhsilin inteqrasiyası və konvergensiyası baxımından əhəmiyyətli addım olacaqdır.
 
 
Üzərində dayanmaq istədiyim mühüm məqamlardan biri də elmin koordinasiyası məsələsidir. Azərbaycanda elmi fəaliyyət, əsasən, Milli Elmlər Akademiyasını, ali təhsil müəssisələrini, dövlət qurumlarının tərkibindəki elmi qurumları, qismən də özəl sektoru əhatə edir. Açıq etiraf edək ki, bu istiqamətdə vəziyyət o qədər də qənaətbəxş deyil. Qurultayda iştirak edən alimlərimizin əksəriyyəti müəyyən elm sahələrinə məsul olan şəxslərdir. Hamınıza yaxşı məlumdur ki, elmi araşdırmalardakı müəyyən təkrarçılıq, mövzuların qeyri-aktuallığı, dünya elmində gedən proseslərlə səsləşməyən problemlərin mövcudluğu elmi fəaliyyətdə rast gəlinən reallıqlardır.
 
 
Eyni zamanda məlumdur ki, respublikada elmi əlaqələndirmənin öz mürəkkəbliyi və çətinliyi də vardır. Belə ki, Milli Elmlər Akademiyasının bu problemin həlli üçün uyğun təsir mexanizmi yoxdur. Elə buna görə də biz Azərbaycan Respublikasının Prezidenti yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılması məsələsinə baxılması təklifi ilə çıxış etmək istərdik. Bu Şuranın qərarı Respublikanın bütün elmi təşkilatları üçün icbari xarakter daşımalıdır. Bizə belə gəlir ki, Şuranın tərkibində akademik institutların, təhsil universitetlərinin, biznesin, patent idarəsinin və əlbəttə ki, gənc alimlərin nümayəndələri olmalıdır.
 
 
Azərbaycan Milli Elmlər Akademiyası qarşısında duran mühüm vəzifələrdən biri də AMEA bölmələrinə və elmi şuralarına daha çox təşkilati sərbəstlik verməklə onların rolu və məsuliyyətinin artırılmasıdır. Düşünürəm ki, artıq ən yaxın perspektivdə fundamental tədqiqatların əlaqələndirilməsinin ağırlıq mərkəzinin AMEA bölmələrinə keçirilməsinin vaxtı çatmışdır. Akademik müəssisələrarası elmi əlaqələndirmə şuralarının müxtəlif yönlərdə işini fəallaşdırmaq və dünya səviyyəsi ilə müqayisədə Azərbaycan elmindəki işlərin vəziyyətinin təhlili ilə elmi şura və bölmələrin Rəyasət Heyətində hesabat verməsini həyata keçirmək vəzifəsi də qarşıda dayanır. Düşünürəm ki, bu məsul işdə şəffaflığı təmin etmək olduqca vacibdir. AMEA Rəyasət Heyətinin nazirliklərin kollegiyaları ilə birgə iclaslar keçirməyi və bu iclaslar çərçivəsində elmi məruzələrə müvafiq nazirlik və idarələrin rəhbərlərini dəvət etməyi də praktikaya tətbiq etmək zəruridir.
 
 
Akademik elmin mühüm həlqələrindən birini onun regional bölmələri və regional elmi mərkəzləri təşkil edir. Düzdür, regional elmə istedadlı gənclərin cəlb edilməsi daha mürəkkəb vəziyyətdədir. Buna görə də bizim Naxçıvandakı və Gəncədəki bölmələrimiz daha prioritet diqqətə malik olmalı, maliyyə və təşkilati baxımdan dəstəklənməlidir.
 
 
Hamını düşündürən ən ciddi məqamlardan biri də alimlərin sosial müdafiəsi ilə bağlı məsələlərdir. Həqiqətən, ağır və şərəfli bir zəhmət olan elmi əməyin stimullaşdırılması olduqca zəruri məsələdir. Son illər alimlərin əməkhaqlarının artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Əminəm ki, bu sahədə tədbirlər bundan sonra da davam edəcəkdir. Lakin bir məsələni diqqətə çatdırmaq istəyirəm ki, sosial müdafiə məsələlərinin həlli üçün yalnız büdcədən artırmalara ümid etmək doğru deyil. İlk növbədə elmi fəaliyyət sahəsində baza maliyyələşməsindən məqsədli elmi proqramların ünvanlı maliyyələşməsinə keçidlə bağlı ciddi addımlar atmaq lazımdır.
 
 
Alimlərin mənzil təminatı məsələsi də olduqca vacibdir. Bununla əlaqədar AMEA-nın elmi müəssisələrin istifadəsində olan torpaq sahələrinin qorunub saxlanılması və səmərəli istifadəsi istiqamətində son illər xeyli tədbirlər həyata keçirilir. Bizim əsas məqsədlərimizdən biri respublika rəhbərliyinin dəstəyi ilə həmin torpaq sahələrində Azərbaycan alimləri üçün «Alimlər şəhərciyi» – "Science City" yaşayış kompleksi yaratmaqdır. Ümid bəsləyirik ki, bir neçə ildən sonra mənzil problemlərinin həlli üçün lazımi tədbirlərin görülməsi nəticəsində alimlərimizi sevindirə biləcəyik.
 
 
Hörmətli Qurultay iştirakçıları!
 
 
Azərbaycan elmi qarşısında o qədər də sadə vəzifələr durmur və onların həlli bütün elmi ictimaiyyətin sistemli və enerjili gücünü tələb edir. Düşünürəm ki, Azərbaycanın mənafeyi naminə elmi idarəetmənin bütün həlqələri diskussiyaları kənara qoyub, əlbir və təşkilatlanmış bir qüvvə kimi sinxron işə keçməlidir. Bu, AMEA-nı ölkənin aparıcı intellektual mərkəzinə və dövlət elmi-texniki siyasətinin ayrılmaz elementinə çevirməyə imkan verər.
 
 
Yekunda bir arzumuzu da diqqətinizə çatdırmaq istərdik. Düşünürəm ki, bu məruzə AMEA-da çalışan alimlərlə yanaşı, universitetlərdə və sahə institutlarında elmi fəaliyyətlə məşğul olan alimlər üçün də korporativ maraqları dəf edən yaradıcı inteqrasiyaya çağırış kimi qəbul olunacaqdır.




19/12/14    Çap et