Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi “iOS” qurğularının istifadəçilərinə xəbərdarlıq edib
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi mobil internet istifadəçilərinə xəbərdarlıq edib.
Mərkəzdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, "Akamai Technologies" şirkətinin təhqiqatçıları "Xsser mRat" mobil troyanına aid xəbərdarlıq yayıblar. Belə ki, bu mobil troyan "iOS" və "Android" platformalarında çalışan qurğular üçün real təhlükə yaradır.
Araşdırmalar göstərib ki, "Xsser"in tətbiq olunmasının arxasında istifadəçilərə məxsus şəxsi (məxfi) məlumatları əldə etmək istəyən kibercinayətkar qruplaşma dayanır.
Sözügedən troyanın ilk aktivliyi bu ilin sentyabr ayında Asiyada qeydə alınıb. O, internet provayderlərinə, veb tətbiqetmələrinə və proqram təminatı istehsalçılarına hücum üçün istifadə olunurdu. "Akamai Prolexic"in mütəxəssisinin sözlərinə görə, "C&C" troyan serverinin sönük olmasına görə irimiqyaslı hücumlardan qaçmağa müvəffəq olduq.
Bununla yanaşı, zərərverici müxtəlif cür modifikasiya olunub və indi "İOS" qurğulara da hücumlar həyata keçirir. Məlumat üçün bildiririk ki, yoluxmuş qurğu müxtəlif məqsədlər üçün istifadə oluna bilər, o cümlədən DDoS hücumun həyata keçirilməsi, mobil qurğu sahibinə nəzarət, istifadəçi adı və şifrlərin oğurlanması və s. Nəzərə alsaq ki, dünyada 1 milyard mobil telefon istifadəçisi var və bu, zərərverici şəxsi informasiyaların konfidensiallığına böyük təhdid yarada bilər.
Aynur Vəliyeva
19/12/14 Çap et