Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mənim elektron hökumətim” müsabiqəsinin qalibləri mükafatlandırıldı


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Elektron hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin elan etdiyi  "Mənim elektron hökumətim" adlı məqalə və videosüjet müsabiqəsinin nəticələrinin elan edilməsi ilə bağlı mətbuat konfransı keçirilib.
 
Qeyd edək ki, "Mənim E-hökumətim" adı altında "Ən yaxşı məqalə" və "Ən yaxşı videomaterial" olmaqla 2  nominasiya üzrə nəzərdə tutulmuş müsabiqənin məqsədi dövlət orqanlarının təqdim etdiyi elektron xidmətləri geniş ictimaiyyətə çatdırmaq, "Elektron hökumət" portalının (e-gov.az) populyarlığını artırmaq olub. Müsabiqədə qiymətləndirməyə şərtlərə uyğun olaraq 7 videomaterial və 48 məqalə təqdim edilib.
 
Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycanda elektron hökumətin həyata keçirilməsi dövlət siyasətidir. Ölkəmizin bu yolu məqsədli şəkildə inkişaf etdirdiyini və bu istiqamətdə
ildən ilə yeni-yeni nailiyyətlər əldə edildiyini vurğulayan nazir müavini bildirib ki, tarixə nəzər saldıqda Azərbaycanda ilk elektron hökumət layihələrinin təqribən 95-ci ildən başlayaraq həyata keçirilməyə başladığını görərik:
 
"Bilirsiniz ki, BMT-nin elektron hökumətin inkişafı ilə bağli 4 mərhələli, bəzən də 5 mərhələli adlandırılan bir modeli var. Bütün dünya ölkələri bu model üzrə addım atır, o cümlədən Azərbaycan. Dünya ölkələri yeni bir ixtira etməyə cəhd etmirlər. Bu modeli özlərinə rəhbər tutaraq e-hökuməti formalaşdırırlar. Ancaq o da qeyd olunmalıdır ki, hər bir ölkənin öz xüsusiyyəti və seçdiyi yolu var. Model eyni olsa da, tətbiqlər müxtəlifdir. Biz iştirak etdiyimiz beynəlxalq tədbirdə edilən çıxışlarda görürük ki, iştirakçıların hamısı görülən oxşar işlərdən danışır. Ancaq hər birinin qazandığı müvəffəqiyyətlərdə, həyata keçirdiyi layihələrdə bir qədər fərqlilik olur. Məhz həyata keçirilən bu fəaliyyətin də özəlliyi ondadır ki, beynəlxalq təcrübənin ən qabaqcılını mənimsəyərək bunu ölkəmizə gətirib tətbiq edə bilək. Bu baxımdan qeyd edə bilərəm ki, ölkəmizdə tətbiq olunan e-hökumət layihəsi ən qabaqcıl modellərdən biridir".
 
 
E.Vəlizadə qeyd edib ki, Azərbaycan təkcə MDB məkanında deyil, dünya üzrə elektron imzanı elektron sənədlə birləşdirən qanunu işləyən ilk dövlətlərdən biri olub.
 
Onun sözlərinə görə, sözügedən qanun 2004-cü ilin noyabrında BMT-nin bir modeli olaraq digər dövlətlərə nümayiş etdirilib:
 
"O zaman Azərbaycan MDB-də "Elektron imza haqqında" adlı qanun layihəsini qəbul edən ilk dövlət idi. Bütün bunlar göstərir ki, atdığımız addımlar müəyyən mərhələdə həqiqətən də modeldir. Azərbaycanda e-hökumətin inkişaf etdirilməsi dövlət siyasəti olmaqla başlıca amalı ilk növbədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, müasir texnologiyaların idarəçilikdə daha geniş tətbiq olunması və bununla da idarəçiliyin səmərəliliyinin bir qədər də artırılması, eyni zamanda həyata keçirilən fəaliyyətin şəffaflığının daha da genişləndirilməsi, vətəndaşlarla ünsiyyətin sadələşdirilməsi və onun İKT-dən istifadə etməklə daha da əlverişli edilməsidir. Həmçinin e-hökumət proqramının icrası ölkəmizdə korrupsiyanın aradan qaldırılması, yoxsulluğun azaldılması istiqamətində keçirilən fəaliyyətin tərkib hissəsidir. Bu baxımdan biz yaratdığımız elektron portalın fəaliyyətinə və e-hökumətin formalaşması üzrə görülən bütün işlərə çox böyük məsuliyyətlə yanaşırıq".
 
 
Azərbaycanda həyata keçirilən e-hökumət prosesinin prezident İlham Əliyevin daim diqqətində olduğunu deyən nazir müavininin sözlərinə görə, məhz buna görədir ki, ölkəmiz BMT-nin və eləcə də Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatlarında İKT siyasətinin prioritetləşdirilməsi, İKT-nin dövlət orqanlarında tətbiqi indeksləri üzrə dünya dövlətləri arasında ilk onluqda qərarlaşır. Bunun özü də onu göstərir ki, aparılan siyasət hərtərəfli düşünülmüş, kompleks, ardıcıl siyasətdir. Beynəlxalq aləm də bunu qəbul edir".
 
Sonra Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov çıxış edərək bildirib ki, artıq iki ildir "Mənim elektron hökumətim" müsabiqəsi keçirilir. O qeyd edib ki, müsabiqənin əsas məqsədlərindən biri də media mənsublarını e-hökumət prosesinə cəlb etməklə onun kütləviliyini təmin etməkdir:
 
"KİV-in aktiv şəkildə cəlb olunması ilə maarifləndirmə işlərinin daha da genişləndirilməsini istəyirik. Jurnalistlərin bu mövzuda yazması sosial tələblərin müəyyənləşməsində əhəmiyyətli rola malikdir. E-hökumət quruculuğu birmənalı olaraq vətəndaşlar üçündür. Bu istiqamətdə vətəndaşların nə istədiyini, onun sifarişini, arzusunu nəzərə almaq çox vacibdir. İctimaiyyətin sifarişini bilən media işçiləri də  bu işin təşkilində bizə yaxından yardımçı olurlar. Ötənilki müsabiqədə verilən təkliflər çeşidləndi və xüsusi buraxılışda aidiyyəti dövlət qurumlarına ünvanlandı. Builki müsabiqəyə yeni bir nominasiyanı "videosüjet"i əlavə etdik. Hesab edirik ki, bu istiqamətdə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək".
 
Bundan sonra qalib gələn iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırıldı.
 
"Ən yaxşı məqalə" nominasiyası üzrə:
 
I yer: İlhamə İsabalayeva
II yer: Elnarə Kərimova
III yer: Ramin İlyasov
IV yer: İsmayıl İsmayılov
V yer: Nümunət Əmrallı
 
"Ən yaxşı videomaterial" nominasiyası üzrə:
 
I yer: Səkinə Zeynalova
II yer: Nicat Abdullayev
III yer: Jalə Quliyeva

Qeyd edək ki, "Mənim Elektron Hökumətim" məqalə və video süjet müsabiqəsinin mükafat fondu aşağıdakı kimi müəyyən edilmişdir:


 

"Ən yaxşı məqalə" üzrə

"Ən yaxşı video material" üzrə

1-ci yer - 2500 manat

2-ci yer - 1500 manat

3;4;5 yer - noutbuk

1-ci yer - 2500 manat
2-ci yer - 1500 manat
3-cü yer – noutbuk
 




Qeyd edək ki, tədbirdə elektron hökumətin təbliğində yaxından iştirak edən Gənclər Təşkilatları Milli Şurasının bir neçə üzvünə elektron imza hədiyyə edilib.
 
 
Seymur Qasımbəyli
 




19/12/14    Çap et